Yazıçılar Birliyinin “Üzvlükdən çıxarılma” məsələsinə yazıçılardan münasibət

  • Müəllif: Orxan
  • 09 Yanvar 2026 13:09

Azərbaycan Yazıçılar Birliyi bəyanat yayıb ki, son 5 ildə üzvlük haqqında ödəməyən yazıçı-şairlər üzvlükdən xaric ediləcək.

Sözügedən bəyanat ədəbi cameədə birmənalı qarşılanmayıb.

Belə ki, kimisi bunun düzgün qərar olduğunu, kimisi isə buna ehtiyac olmadığını bildirib.

Bir sıra gənc şairlər etiraz edərək deyirlər ki, bəs niyə bizi tədbirlərə çağırmırlar?

Bu barədə Gununsesi.info yazıçılar arasında sorğu keçirib.

Yazıçı İlham Əziz bildirib ki, AYB düz edir.

“Düz edirlər. Təşkilatın üzvülük haqqı verilmirsə, deməli o üzvün təşkilata aidiyyatı yoxdur. İldə 15 manat ödəmirsə, üzvülüyü surroqatdı, saxtadı.

Nə yollar dağılıb, nə körpü yanıb,

Gəlmirsə, deməli gəlmək istəmir…

Vermirsə, deməli vermək istəmir…”, – deyə o bildirib.

Yazıçı Orxan Həsəni isə məsələyə münasibətini bu cür bildirib.

“Mən AYB üzvü deyiləm. Heç vaxt üzv olmamışam. Buna görə qurumun daxili işləri haqqında fikir bildirməyi düzgün hesab etmirəm”.

O cümlədən Nadir Yalçın üzv olsa da, o da məsələyə münasibət bildirməkdən istəməyib.

Yazıçı Vüqar Van isə belə deyib:

“Üzvlərin yerində olsaydım, o bəyanatdan sonra dərhal üzvlükdən çıxardım”.

Bütün bunlardan əlavə, sosial şəbəkədə AYB üzvlərinin etirazlarına rast gəlmək mümkündür.

Maqsud

Gununsesi.info