Alimlər yeni araşdırma edib. Bildirilir ki, əslində, dişlərimizin sayı və vəziyyəti ilə erkən ölüm riski arasında bir bağlantı var.
Yapon alimlərinin (Osaka Universiteti) 190 mindən çox yaşlı insan üzərində apardığı yeni araşdırma dişlərimizin vəziyyəti ilə ömrümüz arasındakı birbaşa əlaqəni müəyyən edib.
Tədqiqat göstərir ki, ağızda qalan dişlərin sayı və onların klinik vəziyyəti insanın ümumi sağlamlıq risklərini proqnozlaşdırmağa imkan verir.
Əsas məqamlar bunlardır:
*Diş sayı faktoru: Heç bir dişi olmayan yaşlıların erkən ölüm riski, 21 və ya daha çox dişi olanlara nisbətən 1.7 dəfə daha yüksəkdir.
*Müalicənin önəmi: Alimlər müəyyən ediblər ki, plomblu dişlər də sağlam dişlər qədər aşağı ölüm riski ilə əlaqəlidir. Bu, dişlərin çəkilmək əvəzinə müalicə edilməsinin ömrü uzatdığını göstərir.
*Əsas məsələ ağzımızda dişlərin olmasıdır: Çürük dişlərin plomlanması və ya implantlar daha yaxşıdır. Dişləri çəkmək və yerini boş saxlamaq ən yanlış seçimdir.
Bəs dişsizlik niyə ölüm riskini artırır?
Alimlər bunu 2 əsas səbəblə izah edirlər:
*Xroniki iltihab: Diş əti xəstəlikləri və çürüklər bədəndə iltihaba yol açaraq ürək-damar sistemini zədələyir.
*Qidalanma problemləri: Diş çatışmazlığı çeynəməni çətinləşdirir, bu isə sağlam qidalanmaya mane olduğu üçün bədəni zəiflədir.
Görəsən, bu məlumatlar realdırmı?
Doğrudan da xroniki iltihab, qidalanma problemləri erkən ölümə yola aça bilərmi?
Bu barədə diş həkimi Bəhruz İsmayılov Gununsesi.info-ya danışıb.
O bildirib ki, bu cür araşdırmalar reallığın az qismini yansıdır:
“Bunu isbatlamaq üçün elmi araşdırmalar çox olmalıdır. Bu isə geniş spektrli və pul gətirən araşdırma sinifinə girmədiyinə görə araşdırmalar az olur və nəticələr reallığı tam olaraq əks etdirmir. Hazırda uzun illər protez taxan, ancaq daha da uzun yaşayan insanlar var”, – deyə o bildirib.











