İranda 2025-ci ilin sonundan başlayan genişmiqyaslı etiraz aksiyaları ilə bağlı ən azı 23 min nəfər barəsində cinayət işi qaldırıldığı bildirilir.
Gununsesi.infoBu barədə “Radio Farda” məhkəmə sisteminin nümayəndəsinə istinadən xəbər verir. Məlumatda deyilir ki, saxlanılmalar ölkənin bütün vilayətlərində aparılıb və etirazlar zamanı 749 polis bölməsinə və İslam İnqilabı Keşikçiləri Korpusunun 120 mərkəzinə hücumlar qeydə alınıb.
ABŞ-də fəaliyyət göstərən müstəqil hüquq-müdafiə qurumu Human Rights Activists in Iran (HRAI) isə fevralın 15-nə olan hesabata əsasən, İranda azı 53 552 nəfərin saxlanıldığını, onlardan 144-nün tələbə olduğunu bildirir. Təşkilatın məlumatına görə, 11 053 nəfər məhkəməyə çağırılıb.
Etirazlar 2025-ci il dekabrın 28-də başlayıb və İranın bütün vilayətlərinə yayılıb. Başlanğıcda aksiyalar iqtisadi böhranla bağlı tələblərlə əlaqələndirilsə də, sonradan hakimiyyət əleyhinə şüarlar və monarxiyanın bərpasına çağırışlar səslənməyə başlayıb.
HRAI həmçinin ölən və yaralananlarla bağlı çox yüksək rəqəmlər açıqlayır. Bu göstəricilərin müstəqil şəkildə təsdiqlənməsi internet məhdudiyyətləri və məlumat əldə etmə çətinlikləri səbəbindən məhdud ola bilər.
“The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazır ki, Vaşinqton iranlıların bloklamalardan yan keçməsi üçün təxminən 6 min Starlink terminalını İrana gizli şəkildə göndərib. Nəşrin mənbələri bildiriblər ki, Prezident Donald Tramp tədarükdən xəbərdar olub, lakin planı birbaşa təsdiqləyib-təsdiqləmədiyi onlara məlum deyil.











