Ərəstun Orucluya qiyabi olaraq 8 il həbs cəzası verildi

  • Müəllif: Orxan
  • 19 Fevral 2026 13:11
ərəstun oruclu

ABŞ-də yaşayan siyasi şərhçi Ərəstun Orucluya qiyabi olaraq 8 il həbs cəzası verilib.

Gununsesi.info-nun xəbərinə görə, fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Ə.Oruclu Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə təqsirləndirilib.

Cinayət işində iddia olunur ki, Ə.Oruclu 2023-2024-cü illərdə “YouTube” platformasında “Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar” edib.

Azərbaycan hakimiyyəti 2025-ci ildə xaricdə yaşayan 24 tənqidçisinə qarşı cinayət işləri açıb. Onların bəziləri barədə yerli məhkəmələr artıq qiyabi hökmlər çıxarıb.

Avropa Parlamenti dekabrın 18-də Azərbaycana qarşı sanksiyalara çağıran qətnaməsində hakimiyyətin siyasi motivlərlə tənqidçilərinə qarşı cinayət işləri açdığını qeyd edib.

Gununsesi.info