BƏƏ mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk etməyə hazırlaşır.
Bu qərarın arxasında əsasən siyasi və təhlükəsizlik faktorlarının dayandığı bildirilir.
Xüsusilə İranla bağlı artan regional gərginlik və Hörmüz boğazında yüksələn risklər Əbu-Dabini enerji ixracı məsələsində daha çevik və müstəqil siyasətə sövq edir.
BƏƏ üçün fasiləsiz neft axını yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Mövcud şəraitdə OPEC kvotaları ölkənin sürətli qərarvermə imkanlarını məhdudlaşdıran amil kimi qiymətləndirilir. Bu baxımdan təşkilatdan çıxış BƏƏ-nin suveren enerji siyasətinə keçidi və regional qeyri-sabitlik fonunda “strateji sığorta” addımı kimi dəyərləndirilir.
Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, ilkin mərhələdə bu qərar bazarlarda psixoloji təsir yaradaraq neft qiymətlərində dalğalanmaya səbəb ola bilər:
ƏLakin əsas məsələ BƏƏ-nin hasilatı artırıb-artırmayacağıdır. Hasilatın artması qiymətlərə təzyiq göstərə bilər, amma Səudiyyə Ərəbistanı kimi böyük oyunçuların mümkün reaksiyası bazar balansını qoruya bilər”,- deyə o qeyd edir.
Ekspert həmçinin hesab edir ki, BƏƏ-nin bu addımı OPEC daxilində intizamın zəifləməsinə və uzunmüddətli perspektivdə daha rəqabətli, daha az koordinasiyalı enerji bazarına yol aça bilər. Bu isə gələcəkdə neft qiymətlərinin geosiyasi risklərə və bazar psixologiyasına daha həssas olacağı anlamına gəlir.
Orxan
Gununsesi.info












