“Ukrayna Britaniyanın bir imperiya kimi qalması üçün son ümididir”

Aprelin 28-də Böyük Britaniya Kralı III Çarlz və kraliça Kamilla ABŞ-yə rəsmi səfər ediblər.

Ağ Evin Protokol rəhbəri Monika Krouli tərəfindən qarşılanan kral cütlüyü üçün Endryus birləşmiş bazasında rəsmi qarşılanma mərasimi keçirilib.

Qeyd olunub ki, III Çarlz və Kamilla Ağ Evə gedib, onları ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp qarşılayıb. Onların şərəfinə rəsmi qəbul keçirilib.

Gununsesi.info-ya danışan politoloq Asif Şəfəqqətov məsələyə belə münasibət bildirib:

“Axırıncı dəfə Britaniya monarxı (kraliça II Elizabet) 1991-ci ildə Vaşinqtona rəsmi səfər etmişdi. Onda kraliça Britaniyanın vassalı Küveytin Səddam qoşunlarından azad edilməsinə görə ABŞ-a minnətdarlığını bildirmək üçün təşrif buyurmuşdu. İndiki səfəri isə formal olaraq ABŞ-ın müstəqilliyinin 250 illik yubileyi ilə əlaqələndirirlər.

Əslində isə əsas səbəb Ukraynadır. Ukrayna Britaniyanın bir imperiya kimi qalması üçün son ümididir. Zelenski ABŞ-a bütün səfərlərini Londondan başlayır və səfərdən sonra da Kiyevə Londona baş çəkməklə qayıdır. Hər dəfə Ukraynanın vəziyyəti pisləşəndə London, daha çox pisləşəndə hətta Britaniya kralı onun köməyinə gəlir. Keçən ilin sentyabrında Trampın Londona səfəri və III Karlla görüşünün də əsas mövzusu Ukrayna məsələsi olmuşdu:

İndi də əsas mövzu Ukraynadır. Rusiya maydan hücum əməliyyatlarına başlamağı və Donetski tam azad etməyi məqsəd qoyub. Avropaya Ukraynaya vermək üçün ABŞ silahı lazımdır. ABŞ isə İran müharibəsi ilə bağlı Ukraynaya vermək üçün Avropaya satmağa silah-sursat çatdıra bilmir. Üstəlik NATO ölkələrindən “küsdüyü” üçün Tramp Ukraynaya kəşfiyyat və rabitə (Starlink) dəstəyini dayandıra bilər – bunlar isə Avropanın ən çox qorxduğu haldır, çünki Avropanın onları əvəz etmək imkanı yoxdur.

Gündəlikdə başqa mövzular da var – Folklend adaları, Kanada və Qrenlandiya, NATO, Çin, Hörmüz boğazı və s., amma indi o məsələlər hamısı Britaniya üçün Trampın Ukrayna məsələsindəki mövqeyinə bağlıdır. Britaniya bəlkə də tarixində heç bir layihəyə Ukrayna qədər əvəzsiz sərmayə qoymayıb – va-banka getməyib. Onları xilas edə bilməsə, özü də batacaq”.

 

 

Şəbnəm

Gununsesi.info