Bakıda keçirilən irimiqyaslı beynəlxalq tədbirlə əlaqədar paytaxtın əksər məktəblərində yuxarı siniflər üçün dərslər müvəqqəti olaraq onlayn formata keçirilir. Bu addım Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkili dövründə şəhərdə nəqliyyat və hərəkət intensivliyinin tənzimlənməsi məqsədilə atılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. Qurumun qərarına əsasən, mayın 18-dən 22-dək paytaxtın Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarında yerləşən məktəblərin V-XI sinif şagirdləri təhsillərini evdən davam etdirəcəklər. Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarındakı təhsil müəssisələri isə bu qərardan kənarda qalaraq adi rejimdə fəaliyyət göstərir.
Məsafədən tədris prosesinin təşkili üçün xüsusi olaraq “Rəqəmsal məktəb” platformasından istifadə edilir. Müəllimlər öz elektron kabinetlərində yaradılmış sistem vasitəsilə dərsləri planlaşdırır və cədvəlləri “Teams” proqramı üzərindən qururlar. Onlayn dərslərin linkləri və digər zəruri məlumatlar həmin platforma vasitəsilə şagirdlərə ötürülür.












