Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR

  • By admin
  • 02 İyun 2026 12:56

Türkiyədə son illər insan haqları sahəsində baş verən geriləmə, xüsusilə, siyasi məhbusların sayının durmadan artması bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vurub.

Prezident Ərdoğanın əsas rəqibi Əkrəm İmamoğlunun həbsi qardaş ölkənin Avropadakı imicini daha da zədələyib.

Dünyanın bütün nüfuzlu insan haqları təşkilatları ölkənin avtoritarizmə sürükləndiyini açıq bəyan edir.

Son bir neçə ildə isə Avropa İnsan Hüquqları Məhkəməsinin hesabatlarında Türkiyə Avropa Şurasına üzv olan 46 ölkə içərisində bu məhkəməyə şikayət sayına görə 1 -ci yerdə qərarlaşıb.

Bundan başqa AŞ PA-nın Həbsxana Əhalisinə Dair Hesabatında  Türkiyə  məhbus sayına görə Avropa Şurası ölkələri içərisində yenə  də birinci yerdədir.

 

Hakimiyyətin nəzaraət altına saldığı məhkəmə vasitəsilə  CHP-də təşkil etdiyi çeviriliş bu ölkəni yenidən Avropanın diqqətinə gətirib.

Artıq dünyanın nüfuzlu qurumları, o cümlədən AŞ PA rəsmiləri Özgür Özəlin məhkəmə qərarıyla CHP rəhbərliyindən kənarlaşdırılmasını  sərt tənqid edib.

Bəs görəsən, Türkiyənin Avropa Şurasındakı üzvlüyünün taleyi necə ola bilər? 

Türkiyədəki vəziyyətə görə illərdir ki, Avropa Şurasının ayrı-ayrı sturkturları, o cümlədən AŞ PA tərəfindən tənqidlər səsləndirilir. Ancaq bu tənqidlər qulaqardına vurulur.

Öhdəliklərinə əməl etməyən dövlətlərlə bağlı  tədbirlərə gəlincə, bu, mərhələli şəkildə həyata keçirilir.

Birinci olaraq, ölkə yenidən monitorinq altına alınır.

Bu monitorinq nəticəsində ölkə üzərinə götürdüyü öhdəliklərə nə dərəcədə əməl etməsi qiymətləndirilir. Hesabatlar hazırlanır.

Sonra bu hesabatlar komitələrdən keçərək assambleyada qətnamə kimi qəbul olunur.

Qarşıdakı dövr ərzində vəziyyət dəyişmirsə, artıq həmin ölkənin deputat qrupunun mandatı müzakirəyə çıxarılır.

Birinci, səsvermə hüququ dayandırılır, sonrakı mərhələlərdə isə  ilin ilk ayında- yanvarda həmin ölkənin parlamentarilərinin mandatının təsdiqindən imtina edilir.

Ən sərt qərar isə dövləti Avropa Şurasından çıxarmaqla bağlıdır ki, burada da prosesə Nazirlər Komitəsi qarışır.

Xatırladaq ki, bu cür prosedur  Rusiyaya tətbiq olunub.

Yəni ki, ölkə birdən-birə sanksiyaya məruz qalmır. Bu proses mərhələli şəkildə həyata keçirilir.

Uzun illər böyük demokratik ənənələri olan Türkiyənin indiki durumu təəssüfləndiricidir.

Türkiyədə xalqın demokratiyanın taleyinə biganə qalmaması, hakimiyyətin zorakılıqlarına rəğmən yüz minlərlə insanın meydanlarda etirazı  qardaş ölkənin gələcəyinə olan ümidləri itirməyib.

Pərviz Həşimli

Gununsesi.info