Əslində qalsa, sosial şəbəkələrin sürətli inkişaf dövründə ən çox inkişaf etməli olan bir sahə də məhz vayn sahəsi idi.
Xüsusilə insanların uzun videolara marağının və səbrinin olmadığı bir məqamda qısa, maraqlı videolar çəkmək lazım olarkən, Azərbaycanda bu işlə məşğul olanlar mənasız videolar çəkmək üçün dəridən-qabıqdan çıxdılar. Təbii, zərrə qədər də olsun səviyyəli kontent yaranmadı.
Əksinə, düşüklük tüğyan elədi. Səviyyə ilə sanbal da başını götürüb bu işlərdən getdilər.
Mahiyyət etibarı ilə “Bu şəhərdə”-nin qısaldılmış versiyası olan bu balaca Rafaellər, Coşqunlar məhz bu kontenti də zibilləyib qoydular ora.
Məhz bu adamlardır bir-birindən mənasız, məzmunsuz, duzsuz, heç nə ifadə etməyən, heç bir şeyə xidməti olmayan, əttökən, ürəkbulandıran, tükürpərdən, olan-qalan zövqü də korlayan videolar çəkən.
Məhz bu adamlar Azərbaycanda vaynın nə olduğunu yox, nə olmadığını öyrətdilər.
Dünyada qısa videolar yaradıcı ideyaların, incə yumorun, sosial müşahidələrin meydanına çevriləndə, bunlar həmin meydanda plastik stul qoyub toy tamadası zarafatlarını təkrar danışdılar. Onların videoların yayılma sürətinə baxanda ağlıma bircə söz gəlir: “Şitliyin zəfər yürüşü!”.
Vayn çəkdilər, ssenari yox idi.
Yumor etdilər, zarafat yox idi.
Aktyorluq göstərdilər, obraz yox idi.
Nəticədə ortaya nə sənət çıxdı, nə də əyləncə.
Onların bəziləri vayn sahəsindəki mənasızlığı, məzmunsuzluğu, duzsuzluğu filmlərə də gətirdilər.
Ortada nə var idi? Sadəcə, bir neçə parik, bir neçə şit mimika və sonsuz sayda təkrarlanan məişət klişeləri.
Bəli, belədir. Onların çəkdikləri videodan məzmun yox, mağmınlıq yağır.
Onların hər birinin videolarına baxanda adam düşünür ki, görəsən, bundan da mənasızını çəkmək mümkündürmü? Elə özləri çəkdikləri bu videolarla suala xorla cavab verirlər:
“Bəəəəəəli”.
Onlar vayn çəkmir, onlar Azərbaycan yumorunun meyitinin yanında şəkil çəkdirirlər.
Onların yumor, zarafat adına təqdim etdiyi videolarda aexeoloji qazıntılar belə aparılsa, heç zarafatın fosilləşmiş qalıqlarını da tapa bilməzsən.
Fəqət nə edəsən ki, bu boş, boz meydan bunlarındır?
Görəsən, heç vaynın nə olduğunu bilirlərmi? Yoxsa düşük reklamlardan əldə etdikləri gəlirlərlə aldıqları bahalı telefonda ad video çəkmək olduğunu düşünürlər?
Vayn, adətən, bir neçə saniyə və ya bir neçə dəqiqə davam edən, yumor, satira, gündəlik hadisələr və ya sosial problemləri əks etdirən videolardır.
Vaynın əsas məqsədi qısa vaxt ərzində izləyicinin diqqətini cəlb etmək və ona müəyyən bir fikir çatdırmaqdır. Yaxşı vayn həm güldürməli, həm düşündürməli, həm də izləyicidə müsbət təəssürat yaratmalıdır.
Bunun üçün mövzu aktual seçilməli, ssenari aydın qurulmalı və təqdimat maraqlı olmalıdır.
Vayn hazırlayarkən bəzi prinsiplərə diqqət yetirmək lazımdır. İlk növbədə, məzmun həm də etik qaydalara uyğun olmalı, insanları alçaltmamalı və nifrət yaratmamalıdır.
Bundan başqa, video qısa və dinamik olmalı, izləyicini ilk saniyələrdən cəlb etməyi bacarmalıdır. Yaradıcılıq və orijinallıq da uğurlu vaynın vacib şərtlərindəndir.
Nəticə olaraq, vayn müasir rəqəmsal mədəniyyətin mühüm hissəsinə çevrilmişdir. Düzgün hazırlanmış vayn həm əyləndirə, həm maarifləndirə, həm də cəmiyyətin müxtəlif problemlərinə diqqət çəkə bilər.
Ancaq bütün bunların bu adamlara heç bir dəxli yoxdur.

Orxan Saffari












