Azərbaycanın ABŞ-la iqtisadi əməkdaşlığı yeni mərhələyə qədəm qoyur.
Gununsesi.info-nun xəbərinə görə, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Bakı Enerji Həftəsi və I Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ-ın qabaqcıl şirkət və qurumları ilə iqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən, ümumi dəyəri 8 milyard dollardan çox olan mühüm saziş və memorandumlar imzalanıb.
Deputatın sözlərinə görə, imzalanan sənədlər ABŞ-Azərbaycan münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və yüksək texnoloji iqtisadi əməkdaşlıq modelinə keçdiyini nümayiş etdirir. Bu əməkdaşlıq iki ölkə arasında iqtisadi münasibətlərin daha sistemli və institusional platformaya daşındığını, eyni zamanda ABŞ biznes dairələrinin Azərbaycan iqtisadiyyatına və onun uzunmüddətli inkişaf potensialına olan etimadını göstərir.
Azay Quliyev qeyd edib ki, yeni iqtisadi paket çərçivəsində süni intellekt və rəqəmsal infrastruktur əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu kontekstdə cari ilin sonunda Bakının dünyada ikinci dəfə keçiriləcək “Birləşmiş Ştatlar Süni İntellekt Həftəsi”nə ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın karbohidrogen resurslarından asılılığının azaldılması, ölkənin regional rəqəmsal innovasiya mərkəzinə çevrilməsi və beynəlxalq texnologiya şirkətlərinin diqqətinin Azərbaycana yönəldilməsi baxımından mühüm addımdır.
Deputat bildirib ki, məqsəd ABŞ-ın Silikon Vadisi təcrübəsini Azərbaycana gətirmək, regional süni intellekt ekosistemi formalaşdırmaq, beynəlxalq investorları və rəqəmsal texnologiya şirkətlərini Bakıya cəlb etməkdir.
Azay Quliyev onu da vurğulayıb ki, “Birləşmiş Ştatlar Süni İntellekt Həftəsi” ilk dəfə ABŞ-dan kənarda məhz Bakıda keçiriləcək. Onun fikrincə, bu qərar Azərbaycanın regionda artan rəqəmsal çəkisinin və ABŞ-la strateji tərəfdaşlığının göstəricisidir.
Həmçinin onun sözlərinə görə, tədbirdə dünyanın aparıcı texnologiya şirkətlərinin rəhbərləri və investorlarının iştirakı gözlənilir ki, bu da yerli startaplar üçün xarici investisiyaların cəlb olunması baxımından yeni imkanlar yaradacaq.
Azay Quliyev hesab edir ki, imzalanan sənədlər ABŞ-ın qabaqcıl süni intellekt həllərinin Azərbaycanın dövlət və özəl sektorunda tətbiqinə, rəqəmsal infrastrukturun modernləşdirilməsinə və ölkənin texnoloji potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.
Deputat əlavə edib ki, bu əməkdaşlıq Azərbaycanın Mərkəzi Asiya və Qafqaz regionunda rəqəmsal və texnoloji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək, eyni zamanda ölkədə süni intellekt mühəndisi və data analitiki kimi yüksək ixtisaslı peşələrə tələbatı artıracaq.
Azay Quliyev sonda bildirib ki, əldə olunan nəticələr ABŞ Prezidenti Donald Trump administrasiyasının regionda sülhə verdiyi önəm və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir.












