Sosial şəbəkələrdə tez-tez yollarda baş verən qəzaların paylaşıldığını görmək mümkündür.
Ancaq bu hal bəzən hüquqi məsuliyyət yarada bilir.
Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, bir çox insan hesab edir ki, hadisə ictimai yerdə baş veribsə, onun görüntülərini sərbəst şəkildə paylaşmaq mümkündür.
“Lakin hüquqi baxımdan məsələ bundan daha mürəkkəbdir. Qəza zamanı xəsarət almış şəxslərin görüntülərinin, avtomobil nömrələrinin, şəxsi məlumatlarının və ya onların ağır vəziyyətini əks etdirən kadrların yayılması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilə bilər. Xüsusilə görüntülər şəxsin şərəf və ləyaqətinə zərər vurursa və ya onun yaxınlarına mənəvi zərər yetirirsə, həmin şəxs və ya ailə üzvləri hüquqi müdafiə tələb edə bilərlər. Bundan əlavə, bəzi hallarda istintaqın gedişinə təsir göstərə biləcək materialların yayılması da problem yarada bilər. Buna görə qəza videosunu paylaşmazdan əvvəl onun ictimai marağa xidmət edib-etmədiyini və başqalarının hüquqlarına müdaxilə yaradıb-yaratmadığını nəzərə almaq lazımdır”,- deyə o, həmçinin qeyd edib.
Orxan
Gununsesi.info












