“İslam dininə görə, ümumiyyətlə, vəfat etmiş insanı çox saxlamaq doğru hesab olunmur. Bu, həm tibbi-gigiyenik baxımdan, həm də mənəvi baxımdan belədir. Həzrət Peyğəmbərdən hədislər var ki, vəfat edən insanları tez dəfn edin ki, onun hesabı da tez başlansın”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında dinşunas Tural İrfan deyib:
“Yəni hər bir halda bunu müasir tibb də sübut edir və keçmiş ənənələrdə də var ki, vəfat edən insanı çox saxlamazlar, dərhal dəfn olunmalıdır. Təbii ki, zərurət yaranarsa, müxtəlif səbəblərdən qısa müddət gözlətmək mümkündür. Bu, qəti şəkildə haram deyil, amma təqribən üç günü keçməməlidir.
Çünki tarixdə, İslam ənənəsində də bu məsələlər belə olub. Yəni üç gündən artıq ölünün saxlanılması ənənəsi yoxdur və bu, İslam dinində uyğun hesab edilmir. Təbii ki, hər hansı bir təhlükə yaranırsa, məsələn, müharibə dövrlərində olur ki, uzun müddət davam edir və tarixdə də bunun nümunələri var. Döyüş meydanında əsgərləri, şəhid olmuş insanları çıxarmaq bir qədər ləngiyir, uzanır.
Belə zəruri ehtiyaclar səbəbindən dəfnin gecikməsində bir qəbahət yoxdur. Ancaq bilərəkdən, məqsədli şəkildə təxirə salmaq qətiyyən doğru deyil. Bu, həm ölü üçün bir əzab sayılır, həm də boynunda vəzifə olan məsul insanlar üçün günah hesab olunur.
Çünki vəfat etmiş insanın dəfn edilməsi də İslam dininə görə vacib hökmdür. Bu, digər müsəlmanların boynunda olan haqdır. Yəni zərurətlər olmadan, sadəcə dəfn mərasiminin təntənəli keçirilməsi xatirinə və yaxud uzaqda olan bir yaxınının, qohumunun gəlib çatması məqsədilə meyiti həddindən artıq gözlətmək, saxlamaq İslam şəriətinə, İslam hüququna uyğun deyil”.
Şəbnəm












