“Bərpa olunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib. İnvestorlarla əməkdaşlıq çərçivəsində Azərbaycan Xəzər regionunda yaşıl enerji və enerji bağlantısı layihələrini həyata keçirir”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində baş tutan “Azərbaycanın İnvestisiya Görünüşü” tədbirində deyib.
Nazir vurğulayıb ki, nəqliyyat dəhlizlərinin inkişafı regional bağlantını möhkəmləndirəcək və logistika imkanlarını genişləndirəcək:
“Bu layihələr bazarlar arasında yaşıl enerji əlaqələrinin qurulmasına xidmət edir və istehlakçıların tələbatından asılı olmayaraq etibarlı enerji təchizatını təmin etməyi hədəfləyir.
Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirir, startap ekosisteminin inkişafını dəstəkləyir, rəqəmsal xidmətlərə çıxışı genişləndirir və beynəlxalq bazarlara inteqrasiyanı təşviq edir”.
Nazir vurğulayıb ki, Azərbaycanın əsas üstünlükləri makroiqtisadi sabitlik, güclü maliyyə sistemi, siyasi sabitlik, əlverişli coğrafi və strateji mövqe, investisiya və vergi güzəştləri, inkişaf edən iqtisadiyyat, eləcə də peşəkar və bacarıqlı insan kapitalıdır:
“Azərbaycanın iqtisadi inkişaf yolunun arxasında həm müstəqillik dövrünün formalaşdırdığı təcrübə, həm də iqtisadi rifahı dövlət siyasətinin mərkəzinə qoyan Prezident İlham Əliyevin strateji yanaşması dayanır. İqtisadiyyatın şaxələndirilməsi ölkənin investisiya gündəliyini getdikcə daha çox müəyyən edən əsas istiqamətlərdən biridir”.










