“Makkarti missiyası” və Qərb–Çin münasibətlərinin dönüş nöqtəsi - Natiq Cəfərli

  • By Admin2
  • 16 İyun 2026 16:00

İqtisadçı və politoloq Natiq Cəfərli 1793-cü ildə baş vermiş və tarixə “Makkarti missiyası” (Macartney Embassy) adı ilə düşən hadisəni şərh edərək onu Britaniya imperiyası ilə Çin (Tsin) imperiyası arasındakı ilk ciddi diplomatik toqquşmalardan biri kimi dəyərləndirib.

Gununsesi.info xəbər verir ki, Cəfərlinin xatırlatmasına görə, Britaniya nümayəndə heyətini Çin imperatoruna aparan gəmi limana daxil olarkən yerli əhali tərəfindən fərqli şəkildə qarşılanıb.

Çinlilərin gəmilərə öz dillərində yazdıqları ifadələrdə ingilislərin “vəhşi barbarlar” kimi təqdim edildiyi, imperatora xərac gətirdikləri kimi təsvir olunduğu qeyd edilir.

Hadisəni uzaqdan izləyən britaniyalılar isə əhalinin davranışlarını yanlış şərh edərək bunu maraq və rəğbət kimi qəbul ediblər.

Məlumata görə, Britaniya kralı III Georqun Çin imperatoruna göndərdiyi məktubla birlikdə, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə dövrün ən müasir texnoloji yenilikləri də təqdim olunub: teleskoplar, saatlar, qlobuslar, planetarilər və isti hava şarı.

Lakin Çin imperatorunun cavabı diplomatik əməkdaşlıq baxımından müsbət olmayıb. O, göndərilən hədiyyələri qəbul etsə də, Britaniyanın təkliflərini rədd edib və məktubunda Çinin özünü kifayət qədər inkişaf etmiş və xarici məhsullara ehtiyacı olmayan bir imperiya kimi gördüyünü vurğulayıb. Məktubda belə deyilir:

“Bizim Səmavi İmperiyamız hər şeyə bolluq daxilində sahibdir və öz sərhədləri daxilində heç bir çatışmazlığı yoxdur. Sizin ölkənizin istehsal etdiyi qəribə və ya bahalı əşyalara, sənaye mallarınıza heç bir ehtiyacımız yoxdur”.

Cəfərlinin fikrincə, bu hadisədən təxminən 40–50 il sonra Britaniya artıq Çinlə diplomatik danışıqlar deyil, hərbi güc vasitəsilə münasibət qurmağa üstünlük verib və bu proses Birinci Tiryək müharibəsinə (1839) aparıb çıxarıb. Nəticədə Çin Qərb dövlətləri qarşısında ciddi zəifləyib və texnoloji gerilik strateji üstünlüyün itirilməsinə səbəb olub.

O, bu tarixi hadisəni müasir beynəlxalq proseslərlə müqayisə edərək bildirib ki, İran və Ukrayna ətrafında baş verənləri anlamaq üçün hadisələrə yalnız taktiki deyil, həm də strateji baxışla yanaşmaq, məqsədləri və uzunmüddətli nəticələri ayrı-ayrılıqda təhlil etmək vacibdir.

Elmar

Gununsesi.info