Fransanın Evian şəhərində keçirilən “Böyük Yeddilik” (G7) ölkələrinin sammitində Ukraynaya güclü dəstək və Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan mühüm bəyanat qəbul edilib.
ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada liderlərinin iyunun 17-də imzalanan birgə bəyanatında Rusiyanın hərbi iqtisadiyyatına, xüsusilə də neft-qaz sektoruna qarşı təzyiqlərin kəskin şəkildə artırılacağı vurğulanıb.
Bəyanatın Ukrayna ilə bağlı hissəsində döyüş meydanındakı dinamikanın dəyişdiyi və Qərbin Kiyevə hərbi yardımları sürətləndirəcəyi ifadə olunub.
Gununsesi.info bildirir ki, G7 liderlərinin bəyanatında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə olan sarsılmaz dəstək ifadə olunaraq bildirilir:
“Biz Ukraynanın son aylarda cəbhədə nümayiş etdirdiyi dözümlülüyü və irəliləyişi yüksək qiymətləndiririk. Döyüş meydanında vəziyyət artıq dəyişib. Bu dəyişiklikləri sürətləndirmək üçün Ukraynaya hava hücumundan müdafiə (HHM) vasitələrinin, əlavə sistemlərin, raket-peyklərin və uzaqmənzilli silahların tədarükünü artırmaq barədə razılığa gəldik. Eyni zamanda, Ukrayna ərazisində hərbi istehsalın genişləndirilməsinə imkan verən xüsusi lisenziyaların ayrılması məsələsini nəzərdən keçirməyə hazırıq”.
Bəyanatda, həmçinin qeyd olunur ki, Ukraynanın energetika sisteminin dayanıqlığı üçün rəsmi Kiyevin prioritetləri əsas götürüləcək və ölkənin qarşıdan gələn qış mövsümünü keçirməsi üçün əlavə maliyyə-texniki dəstək təmin olunacaq.
Ən diqqətçəkən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın regional siyasətinin G7-nin qərarlarına birbaşa təsir göstərməsidir.
Rəsmi bəyanatda qeyd olunur ki, Prezident Trampın vasitəçiliyi ilə İranla Hörmüz boğazının yenidən açılmasına dair əldə olunmuş razılaşma Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün unikal şərait yaradıb.
Uzun müddətdir Moskvaya qarşı sərt ritorikadan və yeni sanksiyalardan yayınan Tramp administrasiyası da bu bəyanatı dəstəkləyib. Tramp iyunun 16-da verdiyi açıqlamada vurğulayıb ki, İranla əldə olunan razılaşma qlobal bazarda neftin sərbəst axınını təmin edir: “Neft artıq bazara sərbəst daxil olduğu üçün biz tezliklə Rusiya neftinə qarşı sərt sanksiyaları geri qaytara biləcəyik”.
Firuzə Mahmudova
Gununsesi.info












