Günel Mövludun “genetik gözəllik” paylaşımı mübahisə yaratdı

  • By Admin2
  • 19 İyun 2026 13:13

Yazıçı Günel Mövludun görünüş və genetika ilə bağlı fikirləri müzakirələrə səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, müəllif bəzi insanların xarici görünüşlərinə görə sonradan estetik əməliyyatlara üz tutduğunu vurğulayaraq, bunu valideynlərin genetik seçimləri ilə əlaqələndirib.

O, bəzi uşaqların “genetik gözəlliyə görə analarını məhkəməyə vermək haqqının olmalı olduğunu” bildirib.

Müəllif estetik klinikaların qarşısında görünüşlərini dəyişdirməyə çalışan çoxlu gəncin olduğunu qeyd edərək, valideynlərin həyat yoldaşı seçərkən xarici görünüş amilinə daha çox diqqət yetirməli olduqlarını iddia edib.

Günel Mövlud fikirlərini əsaslandırarkən məşhur simaları misal çəkərək, keçmiş dövrlərdə qadınların daha cəlbedici hesab olunan kişilərlə ailə qurmaq imkanlarının olduğunu vurğulayıb.

O, aktyorlardan Alain Delon, Aleksandr Domoqarov və Rasim Balayevin adlarını çəkib.

Sözügedən fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi paylaşımı tənqid edərək, insanın dəyərinin yalnız xarici görünüş və ya genetik xüsusiyyətlərlə ölçülməsinin doğru olmadığını bildirib. Tənqidçilər belə yanaşmanın ayrı-seçkiliyi təşviq edə və insanların özünəinamına mənfi təsir göstərə biləcəyini qeyd ediblər.

Müzakirələr davam edərkən, bəzi istifadəçilər paylaşımın satirik və yumoristik məzmun daşıdığını, digərləri isə bu cür mövzuların həssaslıqla təqdim edilməsinin vacibliyini vurğulayıblar.

Elmar

Gununsesi.info