Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 871,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,0 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Gununsesi.info -ya Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, gələnlərin 27,2 faizi Rusiya Federasiyası, 22,0 faizi Türkiyə, 8,4 faizi İran, 5,0 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,3 faizi Çin, 2,0 faizi İsrail, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,8 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,6 faizini kişilər, 30,4 faizini isə qadınlar təşkil edib.
Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 13,3 faiz artaraq 44,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,0 faiz artaraq 336,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,6 faiz azalaraq 105,2 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,2 faiz azalaraq 385,8 min nəfər təşkil edib.
O da vurğulanıb ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.
Statistikaya əsasən, 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 6,3 faiz azalaraq 756,6 min nəfər olub:
“Vətəndaşlarımızın 40,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox), 17,3 faizi Rusiya Federasiyasına (1,3 faiz az), 11,2 faizi Gürcüstana (4,4 faiz az), 7,1 faizi İrana (39,7 faiz az), 23,7 faizi isə digər ölkələrə (11,3 faiz az) gedib. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil edib.
2026-cı ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,3 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib”.












