İqtisadçı turizmdə geriləmədən danışdı: “11 faizlik azalma ciddi göstəricidir”

  • By Admin2
  • 22 İyun 2026 11:25
Gununsesi.info-nun xəbərinə görə, o, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara istinad edərək qeyd edib ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 871,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azdır.

Cəfərlinin sözlərinə görə, turizm sektorunda 11 faizlik azalma ciddi göstəricidir və bu tendensiyanın səbəbləri araşdırılmalıdır.

İqtisadçı statistik məlumatlarda diqqət çəkən digər məqama da toxunub.

Rəsmi məlumata əsasən, ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 70 faizi hava nəqliyyatı, 28,5 faizi dəmir yolu və avtomobil nəqliyyatı, 1,5 faizi isə dəniz nəqliyyatı vasitəsilə Azərbaycana daxil olub.

Natiq Cəfərli bildirib ki, quru sərhədlərin bağlı olduğu şəraitdə dəmir yolu və avtomobil nəqliyyatı ilə ölkəyə daxil olan şəxslərin sayının yüksək olması suallar doğurur.

Onun fikrincə, əgər bu kateqoriyaya əsasən yük avtomobillərinin sürücüləri daxildirsə, onların statistikada hansı əsasla turist və ya ölkəyə gələn əcnəbi kimi qeydə alınması aydınlaşdırılmalıdır.

İqtisadçı həmçinin hökumətin turizmi prioritet sahə elan etdiyini xatırladaraq, quru sərhədlərin bağlı qalmasının turizm sektoruna təsirinin qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Cəfərli əlavə edib ki, region ölkələrində əks tendensiya müşahidə olunur.

Onun sözlərinə görə, 2026-cı ilin ilk beş ayında Gürcüstana gələn turistlərin sayı illik müqayisədə təxminən 6 faiz, Ermənistana gələn turistlərin sayı isə 19,3 faiz artıb.

İqtisadçı hesab edir ki, Azərbaycanın turizm göstəricilərindəki azalmanın səbəbləri geniş şəkildə təhlil edilməli və bu istiqamətdə müvafiq addımlar atılmalıdır.

Elmar