Turan Rzayevdən Bakı ilə bağlı təklif

Bakı şəhərinin mövcud infrastrukturu və təbii ehtiyatları paytaxtın artan əhali yükünü daşımaqda çətinlik çəkir.

Gununsesi.info  xəbər verir ki, bu sözləri açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Onun sözlərinə görə, yağışlardan sonra yaranan problemlər, yay aylarında müşahidə olunan su qıtlığı, mənzil çatışmazlığı və nəqliyyat sıxlığı bu vəziyyətin açıq göstəriciləridir.

Rzayev bildirib ki, dövlət bu istiqamətdə müəyyən addımlar atır və xüsusilə universitetlərin paytaxtdan regionlara köçürülməsi təşəbbüsü əhali artımının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıya bilər.

“Universitetlər Bakıya daxili miqrasiyanı sürətləndirən əsas amillərdən biridir. Hər il yüzlərlə gənc ali təhsil almaq üçün paytaxta gəlir və onların əhəmiyyətli hissəsi sonradan burada qalaraq işləyir, ailə qurur. Universitetlərin regionlarda fəaliyyət göstərməsi isə bu axının istiqamətini dəyişə və gənclərin təhsil aldıqları şəhərlərdə məskunlaşmasına şərait yarada bilər”, -deyə o qeyd edib.

Bununla yanaşı, siyasi şərhçi hesab edir ki, yalnız universitetlərin köçürülməsi problemi tam həll etməyəcək.

Onun fikrincə, Bakının əhali yükünü azaltmaq üçün paytaxt sakinlərinin də regionlara köçünü stimullaşdıran dövlət siyasətinə ehtiyac var.

Rzayev qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı müsbət prosesdir. Lakin həm həmin ərazilərin, həm də digər regionların inkişafı üçün könüllü köç mexanizmlərinin də tətbiqi vacibdir.

Onun təklifinə görə, regionlara köçmək istəyən vətəndaşlara vergi güzəştləri, aşağı faizli ipoteka və biznes kreditləri təqdim olunmalıdır. “Əgər insanlar sərfəli kredit imkanları əldə etsələr, regionlarda ev almağa, sahibkarlıq fəaliyyəti qurmağa və daimi məskunlaşmağa daha çox maraq göstərərlər. Şəxsi müşahidələrim göstərir ki, uyğun şərait yaradılacağı təqdirdə Bakıdan regionlara köçmək istəyənlərin sayı az deyil”, – deyə siyasi şərhçi vurğulayıb.

Orxan
Gununsesi.info