Siyasi şərhçi Kamran Cəfərov hesab edir ki, Rusiya-Ukrayna müharibəsi təkcə ərazi və suverenlik uğrunda mübarizə deyil, həm də iki fərqli idarəetmə modelinin qarşıdurmasıdır.
Gununsesi.info xəbər verir ki, onun fikrincə, bir tərəfdə hakimiyyətin vahid siyasi mərkəzdə cəmləşdiyi avtoritar sistem, digər tərəfdə isə qanunun aliliyinə, müstəqil institutlara və hakimiyyətin cəmiyyət qarşısında məsuliyyətinə əsaslanan demokratik model dayanır.
Şərhçi bildirir ki, məhz bu səbəbdən demokratik islahatlar müharibə dövründə ikinci dərəcəli məsələ deyil, Ukraynanın uzunmüddətli qələbəsini müəyyən edə biləcək əsas amillərdən biridir.
Kamran Cəfərovun sözlərinə görə, Rusiyanın idarəetmə modeli qərarların operativ qəbuluna imkan versə də, uzunmüddətli perspektivdə korrupsiya, səmərəsizlik və dövlət institutlarının zəifləməsi kimi problemlər yaradır. Ukrayna isə əksinə, konkret siyasi fiqurlara deyil, qanuna və vətəndaşlara xidmət edən institutlar formalaşdırmağa çalışır.
Siyasi şərhçi bu kontekstdə Ukraynada fəaliyyət göstərən Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) yaradılmasını mühüm islahat nümunələri kimi qiymətləndirir.
Onun fikrincə, bu qurumlar yüksək vəzifəli şəxslərin də istintaqa cəlb oluna bilməsini nümayiş etdirərək dövlət institutlarının müstəqilliyini gücləndirib.
Kamran Cəfərov həmçinin qeyd edir ki, müstəqil antikorrupsiya institutları yalnız daxili idarəetmə baxımından deyil, həm də Ukraynanın beynəlxalq tərəfdaşları ilə münasibətlərində mühüm rol oynayır.
Onun sözlərinə görə, bu institutlar ayrılan maliyyə və hərbi yardımın şəffaf istifadəsinə dair etimadı artırır.
Şərhçi hazırda Ukrayna Ali Radasında qeydiyyata alınmış 15343 nömrəli qanun layihəsini də mühüm islahat təşəbbüsü kimi dəyərləndirir.
O bildirir ki, layihə baş prokurorun müsabiqə yolu ilə seçilməsini nəzərdə tutur və bu mexanizm həyata keçirilərsə, prokurorluğun siyasi təsirlərdən daha müstəqil fəaliyyət göstərməsinə şərait yarada bilər.
Kamran Cəfərov vurğulayır ki, müharibədə qələbə yalnız hərbi resurslarla müəyyən edilmir.
Onun fikrincə, cəmiyyətin etimadını qoruyan, səmərəli idarəetməni təmin edən və beynəlxalq tərəfdaşların dəstəyini saxlayan dövlət daha üstün mövqedə olur. Bu amillərin isə birbaşa dövlət institutlarının keyfiyyəti ilə əlaqəsi var.
Siyasi şərhçinin qənaətincə, demokratik islahatlar Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesini də sürətləndirə bilər.
O hesab edir ki, Avropa inteqrasiyası yalnız iqtisadi imkanlar deyil, həm də insan hüquqları, müstəqil məhkəmə sistemi və qanunun aliliyi prinsiplərinə əsaslanan dövlət modelinin möhkəmlənməsi deməkdir.
Cəfərova görə, Rusiya demokratiyanın müharibə şəraitində zəif idarəetmə modeli olduğunu göstərməyə çalışsa da, Ukraynanın həyata keçirdiyi islahatlar bunun əksini sübut etmək potensialına malikdir.
O hesab edir ki, müstəqil institutların gücləndirilməsi, antikorrupsiya mexanizmlərinin inkişafı və baş prokurorun şəffaf müsabiqə yolu ilə seçilməsi kimi addımlar ölkənin həm müharibə dövründə, həm də ondan sonrakı mərhələdə dayanıqlı dövlət quruculuğunu təmin edə bilər.
Siyasi şərhçi sonda vurğulayır ki, Ukraynanın qələbəsi yalnız işğal olunmuş ərazilərin geri qaytarılması ilə ölçülməyəcək. Onun sözlərinə görə, əsas qələbə Rusiyanın avtoritar modelindən fərqlənən, güclü demokratik institutlara malik hüquqi dövlət qurmaq olacaq.
Elmar
Gununsesi.info












