Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın liderləri İranın heç vaxt nüvə silahı əldə etməməli olduğunu bəyan ediblər.
Gununsesi.info-nun xəbərinə görə, birgə bəyanat Berlində keçirilən görüşün yekununda yayımlanıb.
Görüşdə NATO-nun Baş katibi də iştirak edib. Liderlər ABŞ ilə İran arasında vasitəçi ölkələrin dəstəyi ilə imzalanmış son memorandumu alqışladıqlarını bildirərək, bu sənədi regionda sabitliyin bərpası və qlobal iqtisadiyyatın möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndiriblər.
Bəyanatda vurğulanıb ki, memorandumun davamlı sülhə nail olmaq məqsədilə təcili və hərtərəfli şəkildə həyata keçirilməsi vacibdir.
Eyni zamanda qeyd olunub ki, İranın nüvə silahı əldə etməsinin qarşısı qətiyyətlə alınmalıdır.
Liderlər bəyanatın sonunda Hörmüz boğazında beynəlxalq gəmiçiliyin tam və qeyd-şərtsiz azadlığının təmin edilməsinin də qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.












