Paytaxtın bəzi ərazilərində, ağaclarda qurdların kütləvi şəkildə müşahidə olunması ilə bağlı mübarizə tədbirləri davam etdirilir.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) Gununsesi.info-ya bildirilib ki, məsələ ilə əlaqədar mütəxəssislər qurdların müşahidə edildiyi ərazilərə baxış keçiriblər. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, ağaclarda müşahidə edilən qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.

Bununla əlaqədar YTB tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Hazırda ərazilərdə gündəlik monitorinqlər aparılır, tırtılların aşkar edildiyi yerlərdə isə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.

Qurumdan vurğulanıb ki, sözügedən tırtıllar insanların sağlamlığı üçün təhlükə yaratmır. Buna baxmayaraq, yaşıllıqlara vurduğu ziyanın qarşısının alınması məqsədilə monitorinq və mübarizə tədbirləri davam etdirilir.

Mütəxəssislərin məlumatına görə, insan üçün heç bir zərəri olmasa da Ağ Amerika kəpənəyi 120-dən çox bitki növünə zərər verə bilir. Zərərverici tut ağacları ilə yanaşı, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və digər bitkilərlə də qidalanır. Abşeron yarımadasında aparılmış tədqiqatlar zamanı isə bu həşəratın 30 bitki növü ilə qidalandığı müəyyən edilib.