“Polis qeydiyyatında olanlar bir neçə il öncə qeydiyyatda olduqları yerdən çıxarılıblar. Bu məsələ təkcə hüquq-mühafizə orqanlarını deyil, ilk növbədə vətəndaşları narahat edən sosial və hüquqi problemdir”.
Gununsesi.info bildirir ki, bu fikirləri deputat Razi Nurullayev deyib:

“İnsan faktiki olaraq bir ünvanda yaşayır, amma rəsmi qeydiyyatı başqa yerdə qalır. Bəzən isə evini satdığına və ya kirayədə yaşadığına görə ümumiyyətlə qeydiyyatsız vəziyyətdə olur. Bunun nəticəsində uşaqların məktəbə qəbulu, poliklinikaya qeydiyyat, sosial xidmətlərdən istifadə və bir sıra dövlət xidmətlərinə çıxış zamanı ciddi çətinliklər yaranır.
Digər tərəfdən, dövlət üçün də bu vəziyyət arzuolunan deyil. Hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti, məhkəmə və icra sənədlərinin çatdırılması, fövqəladə hallarda vətəndaşlarla əlaqə saxlanılması kimi məsələlərdə faktiki yaşayış ünvanının məlum olması mühüm əhəmiyyət daşıyır.
Çıxış yolu keçmiş qeydiyyat sistemini olduğu kimi geri qaytarmaq deyil. Müasir, rəqəmsal və çevik qeydiyyat mexanizmi yaradılmalıdır. Vətəndaş faktiki yaşadığı ünvanı elektron qaydada dövlət informasiya sisteminə bəyan edə bilməli, kirayədə yaşayan şəxslər də sadələşdirilmiş prosedurla həmin ünvanda müvəqqəti qeydiyyata düşə bilməlidirlər. Bir çox Avropa ölkələrində də məhz faktiki yaşayış ünvanının elektron qaydada bəyan edilməsi sistemi tətbiq olunur və bu, həm vətəndaşın hüquqlarını qoruyur, həm də dövlət qurumlarının işini asanlaşdırır.
Düşünürəm ki, Azərbaycanda da bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Əsas məqsəd vətəndaşın əlavə maneələrlə üzləşməsinin qarşısını almaq, eyni zamanda dövlətin dəqiq və aktual məlumat bazasına malik olmasını təmin etməkdir. Bu, həm sosial xidmətlərin keyfiyyətini artıracaq, həm də təhlükəsizlik və hüquq-mühafizə sahəsində daha effektiv nəticələr verəcək”.










