“ABŞ ilə İran arasında əldə olunduğu bildirilən anlaşmadan sonra beynəlxalq diqqət yenidən Rusiya–Ukrayna müharibəsinə yönəlir”.
Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Son aylarda baş verən hadisələr göstərir ki, Kremlin müharibəni əvvəlki ssenari üzrə davam etdirmək imkanları zəifləyir. Hərbi, iqtisadi və daxili problemlər Vladimir Putini getdikcə daha çətin seçim qarşısında qoyur.
Ukrayna artıq Rusiyanın dərinliklərində yerləşən neft bazaları, emal zavodları, yanacaq anbarları və logistika mərkəzlərinə uzaqmənzilli zərbələr endirir. Bunun nəticəsində bir sıra bölgələrdə yanacaq çatışmazlığı yaranıb, logistika zəncirləri pozulub. Pilotsuz uçuş aparatlarının hücumları Moskva və digər iri şəhərlərə də çatıb. Aeroportların fəaliyyətində məhdudiyyətlər, sənaye obyektlərinə zərbələr və enerji problemləri müharibənin artıq Rusiyanın daxilində hiss olunduğunu göstərir.
Mütəxəssislərin fikrincə, Kiyevin məqsədi təkcə hərbi obyektləri vurmaq deyil, həm də Rusiya cəmiyyətinə müharibənin nəticələrini göstərməkdir. Eyni zamanda Yaxın Şərqdə gərginliyin azalması ABŞ-ın diqqətini yenidən Ukraynaya yönəltmək üçün əlavə imkan yaradır. Bu isə Kiyevə hərbi dəstəyin daha da genişlənə biləcəyi ehtimalını artırır”.
Şəbnəm












