Jurnalist Əvəz Zeynallı onun adından istifadə edilərək dələduzluq edildiyi barədə xəbərdarlıq edib.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, iki gün əvvəl “TikTok” platformasında yazıçı Kəramət Böyükçölün vaxtilə onun haqqında paylaşdığı status yenidən yayımlanıb. Lakin bu dəfə paylaşımda göstərilən bank hesabının ona məxsus olmadığı məlum olub.
Əvəz Zeynallı bildirib ki, son dövrlərdə internet fırıldaqçılarının fəaliyyəti artıb və buna bənzər hallarla əvvəllər də qarşılaşıb.
O qeyd edib ki, əvvəlki belə hadisələrdən biri ilə bağlı aidiyyəti qurumlara məlumat verdikdən sonra saxta fəaliyyət dayandırılmışdı.
Jurnalistin sözlərinə görə, bu gün sözügedən paylaşımı yenidən paylaşmaq istəsə də, artıq silindiyini görüb.
O hesab edir ki, şərhlərdə saxtakarlığın ifşa olunması səbəbindən paylaşımın müəllifləri onu siliblər.
Əvəz Zeynallı vətəndaşlara müraciət edərək onun adından gələn zəng və mesajlara etibar etməməyə, heç bir halda tanımadıqları bank hesablarına pul köçürməməyə çağırıb.
O vurğulayıb ki, heç vaxt heç kimdən telefon vasitəsilə pul istəmir və belə hallarda birbaşa onunla əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək mümkündür.
Jurnalist həmçinin bildirib ki, ona məxsus yeganə bank hesabı əvvəllər ictimaiyyətlə paylaşdığı hesabdır və digər hesab nömrələri ilə pul yığılması cəhdləri dələduzluq hesab edilməlidir.
Qeyd edək ki, Əvəz Zeynallıya məxsus bank hesabı budur:
4169 7388 1844 0400, Avaz Zeynalov, Kapitalbank.
Orxan












