Azərbaycanlı yazıçı amerikalı konqressmenə məktub yazdı

  • By Admin2
  • 06 İyul 2026 09:28

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazar Pərviz Yəhyalı amerikalı konqressmenə məktub yazıb.

Gununsesi.info həmin məktubu olduğu kimi təqdim edir:

“Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili, hörmətli xanım Emi Karlonanın vasitəsilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, hörmətli xanım Cudy Chuya.

Hörmətli xanım Cudy Chu!

Siz Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasında ölkənizin 28-ci seçki dairəsini təmsil edir və artıq on yeddi ildən çoxdur ki, siyasi fəaliyyət göstərirsiniz. Bu müddət ərzində qazandığınız siyasi təcrübə və ictimai nüfuzunuza hörmətlə yanaşıram. Sizə müraciət etməyimin səbəbi Azərbaycan Respublikası ilə bağlı vaxtaşırı səsləndirdiyiniz bəyanatlardır.

Siz açıq şəkildə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında mühakimə edilmiş erməni əsilli şəxslərin azadlığa buraxılması tələbi ilə çıxış edirsiniz. Halbuki Azərbaycan Respublikasının hüquq sisteminin beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də müvafiq beynəlxalq konvensiyalara uyğun fəaliyyət göstərdiyini bildiyiniz halda, şəxsi siyasi mülahizələrinizdən irəli gələn yanaşmaları ifadə etməkdən çəkinmirsiniz.

Hörmətli xanım Cudy Chu!

Sizin siyasi mövqeyinizə hörmətlə yanaşaraq, diqqətinizə bəzi tarixi və hüquqi məqamları çatdırmaq istəyirəm.

Müdafiəsinə qalxdığınız şəxslərin törətdiyi ağır cinayətləri və həmin cinayətlərin qurbanlarını görməzdən gəlmək, əlbəttə, sizin şəxsi yanaşmanız ola bilər. Lakin beynəlxalq hüququn norma və prinsipləri siyasi simpatiyalara deyil, hüquqi faktlara və cinayət əməllərinə əsaslanaraq məsuliyyət tələb edir.

Hörmətli xanım konqresmen!

Bu gün müdafiəsinə qalxdığınız şəxslər otuz il davam etmiş işğal dövründə törədilmiş ağır cinayətlərlə əlaqədar məsuliyyətə cəlb olunmuş şəxslərdir. Həmin illər ərzində on minlərlə azərbaycanlı həyatını itirmiş, qadınlar, uşaqlar və qocalar etnik mənsubiyyətlərinə görə xüsusi amansızlıqla qətlə yetirilmiş, yüz minlərlə insan öz doğma torpaqlarından didərgin salınmışdır. Xocalı faciəsi isə Azərbaycan xalqının kollektiv yaddaşında bəşəriyyət tarixinin ən ağır faciələrindən biri kimi yaşayır.

Siz uzun illərdir ABŞ-da müxtəlif etnik qrupların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərirsiniz. Bu baxımdan, etnik azərbaycanlıların öz tarixi torpaqlarında məruz qaldıqları faciələrin niyə diqqətinizdən kənarda qalması təəssüf və təəccüb doğurur. Eyni zamanda, Ermənistandan deportasiya edilmiş yüz minlərlə etnik azərbaycanlının taleyinə münasibətinizi də öyrənmək istərdim.

Hörmətli xanım Cudy!

Nəzərinizə çatdırmaq istəyirəm ki, müdafiəsinə qalxdığınız şəxslərin qurbanları sırasında mənim qohumlarım, dostlarım da olmuşdur. Bundan əlavə, müəllim kimi fəaliyyət göstərdiyim məktəbin şagirdləri arasında da müharibənin qurbanına çevrilmiş şəxslər az olmamışdır.

Düşünürəm ki, siz məni anlaya bilərsiniz. Çünki siz də uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Heç bir müəllim öz şagirdlərinin müharibənin qurbanına çevrilməsini arzulamaz.

Siz öz bəyanatlarınızda Azərbaycan Respublikasının Prezidentini etnik təmizləmədə ittiham edirsiniz. Əgər nəyi isə dolaşıq salırsınızsa və ya hansısa səbəbdən həqiqətləri görməzdən gəlirsinizsə, sizə xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının iradəsinə rəğmən, 2020-ci ilin payızında Ermənistanın işğal etdiyi və bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikasının ərazisi kimi tanınan torpaqların azad olunması istiqamətində əməli addımlar atmışdır.

Antiterror tədbirlərindən sonra bölgədə yaşayan etnik ermənilərin Azərbaycan Respublikasını tərk etməsi onların öz iradələri əsasında baş vermişdir. Onların ölkəni sərbəst şəkildə tərk etmələri üçün bütün şərait yaradılmışdır. Sizin iddia etdiyiniz kimi, heç kəs zor tətbiq edilərək yaşadığı ərazidən çıxarılmamışdır. Mənim qənaətimə görə, onların bir hissəsi uzun illər ərzində baş vermiş hadisələrin mənəvi yükünü daşımaq istəmədikləri üçün Azərbaycanı tərk etməyi üstün tutmuşdur. Hər halda, onlar Azərbaycan dövlətinin, Azərbaycan ordusunun və sadə azərbaycanlıların onlara insan kimi münasibət göstərməsindən müəyyən mənada utanmış ola bilərlər.

Hörmətli xanım Cudy!

Sizin baza təhsiliniz riyaziyyatdır. Hesab edirəm ki, 1988-ci ildən Ermənistandan qovulmuş 300 min etnik azərbaycanlının, eləcə də Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş on minlərlə azərbaycanlının statistik göstəricilərini müqayisə etmək sizin üçün çətin olmamalıdır. Bu rəqəmlərin sizin etnik təmizləmə kimi təqdim etdiyiniz hadisələrlə müqayisəsi müəyyən nəticələr çıxarmağa imkan verə bilər.

Biz Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşan, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşına sahib çıxan bir dövlətin vətəndaşlarıyıq. Nə Azərbaycan Respublikasının qanunları, nə də Azərbaycan xalqının mənəvi dəyərləri milli, dini və etnik ayrı-seçkiliyə yol verir.

Hörmətli xanım konqresmen!

Sizin həm də psixologiya üzrə elmi dərəcəniz vardır. İnsan psixologiyasının dərin qatlarına nüfuz etmək bacarığınıza qətiyyən şübhə etmirəm. Lakin seçici rəğbəti naminə gün kimi aydın həqiqətlərin görməzdən gəlinməsinin və ya həqiqətin qəsdən təhrif edilməsinin psixologiya elmində necə adlandırıldığını məhz sizdən soruşmaq istərdim.

Əgər Cənubi Qafqaz tarixi ilə bağlı suallarınız olarsa, onları məmnuniyyətlə cavablandırmağa hazıram. Hər halda, bu regionun tarixinə dair biliklərim bilərəkdən dolaşdırılmış tarixi həqiqətlərin kölgədə qalmasına imkan vermir.

Hörmətli xanım Cudy Chu!

Sizi qarşıdan gələn doğum gününüz münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Ümid edirəm ki, 7 iyul tarixində doğum gününüzü doğmalarınızın əhatəsində və könlünüzcə qeyd edəcəksiniz.

Bir arzum da var: kaş ki, siz öz doğum gününüzü qeyd edərkən, vaxtilə əsir və girov saxlanılmış azərbaycanlı analara övladlarının tikələrə ayrılmış bədənlərinin “hədiyyə” edildiyini də unutmayasınız.

Sizə yeni yaşınızda insan hüquqlarının müdafiəçisi qismində daha çox ədalətli olmağı arzulayıram. Yeri gəlmişkən, sizin fəaliyyət prinsipiniz əsl ədalətə xidmət edərsə, öz səlahiyyətlərimdən istifadə edərək dünyanın ən nüfuzlu sülh ödülünə namizədliyinizi şəxsən irəli sürərəm.

Hörmətlə,

Pərviz Yəhyalı

Azərbaycan Respublikasının vətəndaşı,

yazıçı-publisist

Gununsesi.info