Paraqvay futbolu: Kobudluğun da bir məktəbi var

Futbolda elə komandalar var ki, onların adını eşidən kimi gözünün qarşısına ilk növbədə hesab yox, xarakter gəlir.

Bəziləri zərif kombinasiya oyunu ilə, bəziləri sürəti ilə, bəziləri isə kobudluğu, emosiyası və çılğınlığı ilə yadda qalır. Latın Amerikası futbolu isə bu baxımdan həmişə ayrı bir aləm olub.

Burada futbol təkcə taktika deyil, həm də temperament, teatr, dava-dalaş, risk və bəzən də tamamilə gözlənilməz qəhrəmanların səhnəyə çıxmasıdır.

Paraqvay və Kolumbiya futbolu bu rəngarəngliyin ən yaddaqalan nümunələrindən sayılır.

Gununsesi.info  sözügedən oyun ilə bağlı yazıçı Vüsal Bağırlının fikirlərini təqdim edir.

O bildirir ki, Paraqvayın Fransa qarşısında çirkin və kobud oyunu çox adamı qıcıqlandırdı.

“Hamı bu cür antifutbol taktikasını söydü. Halbuki Paraqvay yığması həmişə belə oynayıb. Praqmatik taktika və sırf müdafiə strategiyası ilə. Şillə-təpiklə. Kəllə atıb, stol aşırmaqla”,- deyə o qeyd edib.

Vüsal Bağırlı həmçinin deyib:

“Yadıma düşür, Paraqvayın başdanxarab qapıçısı var idi. Xose Luis Çilavert. Nəhəng, zəhmli, üz-gözündən zəhrimar yağan bir adam idi. Cərimə meydançasında qabağına çıxanı tapdalayırdı. Bir dəfə hakimin gözü qarşısında Roberto Karlosun üzünə tüpürmüşdü. Hakim qorxusundan özünü görməməzliyə vurdu. Çilavert həm də cərimə zərbələrini və penalları ustaca yerinə yetirirdi. Bir dəfə hətta vurduğu qolların saıyna görə Paraqvay çempionatının bombardiri də olmuşdu. Çilavert Paraqvay prezidentinə də sataşmışdı. Onu yaramaz diktator adlandırmışdı. Həbs olunmamaq üçün Argentinaya qaçdı və bir neçə il orada yaşadı. Latın Amerikasının daha bir ektravaqant nümayəndəsi Kolumbiyalı qapıçı Rene İquita idi. O da başqa cür başdanxarab idi. İquitanın əfsanəvi “əqrəb zərbəsi” indi də sosial şəbəkələrdə ən çox baxılan videolardan biridir. İquita qapıda durmağı yox, daha çox oynamağı sevirdi. Qapını buraxrıdı, bir də görürdün, qaçıb qabağa, qoşulub hücumçulara. Baş qarışırdı, qapı qalırdı ağzıgünə”.

Elmar
Gununsesi.info