Milli Qəhrəmanın qızını işdən çıxardılar: "Direktor təyin olunmağım üçün 60 min manat istənildi" /VİDEO

Goranboy şəhər 1 nömrəli tam orta məktəbində 23 il biologiya müəllimi kimi çalışan Abdullayeva Gülxanım Maşallah qızı işsiz qalıb.

Bu barədə o, Gununsesi.info-ya şikayətində deyib.

Gülxanım Abdullayevanın sözlərinə görə, biologiya müəllimləri üçün keçirilən ikinci şans sertifikatlaşdırma imtahanında tələb olunan nəticəni toplaya bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib:

“23 il Goranboy şəhər 1 nömrəli tam orta məktəbində biologiya müəllimi kimi çalışmışam. Biologiya fənni üzrə keçirilən ikinci şans sertifikatlaşdırma imtahanında 21 bal topladığım üçün əmək müqaviləmə xitam verilib.

Hesab edirəm ki, imtahanın nəticələri və istifadə olunan suallar müəllimlər arasında haqlı narazılıq yaradıb. Sualların bir hissəsi çaşdırıcı idi, bəzi suallar isə çərçivə sənədində göstərilən məzmuna uyğun gəlmirdi. Bildirilmişdi ki, yeni dərsliklərdən suallar salınmayacaq, lakin imtahanda bunun əksi ilə qarşılaşdıq. Mənə görə, suallar çətinlik baxımından müəllimlərin işə qəbulu imtahanındakı suallardan da ağır idi. İmtahanın müddəti də verilən tapşırıqları tam yerinə yetirmək üçün kifayət etmədi.

Müəllimin peşəkarlığını yalnız test imtahanı ilə müəyyən etmək düzgün deyil. Onun uzun illər ərzində göstərdiyi fəaliyyət, dərs demə bacarığı, şagirdlərinin nəticələri və məktəbə verdiyi töhfələr də qiymətləndirmədə nəzərə alınmalıdır.

Biologiya fənni üzrə ikinci şans sertifikatlaşdırma imtahanında istifadə olunan bütün sualların, düzgün cavabların və onların elmi-metodik əsaslandırmasının ictimaiyyətə açıqlanmasını, müstəqil mütəxəssislərin iştirakı ilə müzakirə edilməsini və qiymətləndirmə meyarlarına yenidən baxılmasını xahiş edirəm.

Mən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Maşallah Abdullayevin qızıyam. Ailəmizin sosial vəziyyəti də nəzərə alınmalıdır. Üç övladım var. Onlardan ikisi ödənişli əsaslarla ali təhsil alır, biri isə məktəblidir”.

O bildirib ki, ötən ilin fevral ayında Goranboy–Naftalan rayonları üzrə təhsil sektorunun müdiri işləyən Əli Cəfərov məktəb direktoru təyin olunması üçün ondan 60 min manat istəyib:

“Bununla bağlı aidiyyəti qurumlara, o cümlədən Baş Prokurorluğa müraciət etmişəm. Lakin məndən sübut tələb olunub. Görüş zamanı telefon və digər vasitələrim məndən alındığı üçün həmin iddiamı sübut edə bilməmişəm.

Hazırda həm işimi itirmişəm, həm də özümü çətin vəziyyətdə hiss edirəm. Məsələnin obyektiv araşdırılmasını, sertifikatlaşdırma prosesində şəffaflığın təmin olunmasını və müraciətlərimə ədalətli baxılmasını xahiş edirəm.”

@gununsesi.info

Milli Qəhrəmanın qızını işdən çıxardılar: “Direktor təyin olunmağım üçün 60 min manat istənildi” #xeber #xəbər #news

♬ orijinal səs – Gununsesi.info

 

Şəbnəm Rəhimova

Gununsesi.info