Gənc yazıçı - "Yazıçının kimliyi əsərlərindən daha çox danışılırsa, ədəbiyyat tamaşaya çevrilir"

  • By Admin2
  • 08 İyul 2026 12:43

Gənc yazıçı Səməd Şıxı hesab edir ki, yazıçının şəxsi kimliyi və yaratdığı ictimai obraz əsərlərini kölgədə qoyduğu zaman ədəbiyyat öz mahiyyətindən uzaqlaşır.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, oxucu müəllifi oxumaq əvəzinə izləməyə başlayır, nəticədə kitablar deyil, müəllifin davranışları və mediadakı görüntüsü müzakirə olunur.

“Yazıçının kimliyi əsərlərindən daha çox danışılmağa başlayanda, ədəbiyyat yavaş-yavaş tamaşaya çevrilir. Oxucu müəllifi oxumaq əvəzinə onu izləyir, kitablar isə müəllifin yaratdığı obrazın kölgəsində qalır. Halbuki yazıçı yaddaşlarda özü ilə yox, yazdıqları ilə yaşamalıdır”, -deyə Səməd Şıxı bildirib.

Yazıçı qeyd edib ki, siyasətə qoşulan və ya başqa sahələrdə qazandıqları məşhurluqla ön plana çıxan şəxslər zaman keçdikcə yazıçı kimi deyil, başqa kimlikləri ilə xatırlanırlar.

Onun fikrincə, Azərbaycanın sovet dövrü ədiblərinin bir qismi də vəzifə və məmurluq fəaliyyəti ilə paralel yazıçılıq etdikləri üçün ədəbiyyatda qalıcı iz buraxa bilməyiblər.

Səməd Şıxı müasir ədəbi mühitə toxunaraq bildirib ki, bəzi yazıçılar əsərlərindən çox yaratdıqları ictimai obraz sayəsində tanınırlar. O, buna nümunə kimi Kəramət Böyükçölü göstərib.

“Məncə, Kəramət Böyükçölün populyarlığı daha çox yaratdığı obrazla bağlıdır. İnsanlar onu yazdıqlarına görə deyil, efirdə söylədiyi fikirlərə və çıxışlarına görə tanıyırlar. Bu, müəyyən üstünlükdür. Ancaq düzgün idarə olunmadıqda yazıçının kimliyini məhv edə bilər. Yazıçı aktyor deyil ki, roluna görə tanınsın. Əksinə, onun şəxsiyyəti yeri gələndə əsərlərinin bir addım arxasında qalmalıdır”, – deyə o vurğulayıb.

Gənc yazıçı əlavə edib ki, müəllif öz ictimai nüfuzundan kitablarının tanıdılması üçün istifadə edə bilər. Lakin bir müddətdən sonra diqqətin yenidən əsərlərə yönəlməsini bacarmalıdır. Əks halda, müzakirə olunan yazıçının yaratdığı mətnlər deyil, şəxsi kimliyi olur.

Səməd Şıxının fikrincə, poeziyada vəziyyət müəyyən qədər fərqlidir. O bildirib ki, şair öz şeirlərinin ruhunu səsi və davranışı ilə oxucuya çatdırmağı bacarmalıdır. Yazıçının isə əksinə, yaratdığı obrazların arxasında dayanması və özünü onların önünə çıxarmaması daha vacibdir.

“Yazıçı özünü ifadə etməkdə çətin görünməlidir. O, yaratdığı fərqli obrazların yükünü daşımalı, amma onların heç birinə çevrilməməlidir”, – deyə Səməd Şıxı fikrini tamamlayıb.

Elmar

Gununsesi.info