Sabiq deputat, təhsil eksperti Etibar Əliyev Bakı Slavyan Universiteti və Milli Məclisin sədri Sahibə Qafarova ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev sosial bildirib ki, bəzi siyasətçilərin Bakı Slavyan Universitetini Rusiyanın maraqlarına xidmət edən təhsil ocağı kimi təqdim etməsi həqiqəti əks etdirmir.
O, Sərdar Cəlaloğlunun Sahibə Qafarovanın Bakı Slavyan Universitetindən gəldiyi üçün Rusiyanın maraqlarına xidmət etdiyi və həmin ali təhsil müəssisəsinin Rusiyanın maraqlarını müdafiə edən mərkəz olduğu barədə səsləndirdiyi iddiaları qəbul etmədiyini bildirib.
Keçmiş deputat qeyd edib ki, Bakı Slavyan Universitetinə 1990–1997-ci illərdə rəhbərlik etmiş professor Firudin Hüseynovun dövründə universitetdə milli təhsil mühiti formalaşdırılıb.
Onun sözlərinə görə, sonrakı illərdə universitetə rəhbərlik etmiş Kamal Abdulla, Asif Hacılı, Nurlana Əliyeva və hazırkı rektor Anar Nağıyevin də Rusiyaya bağlı şəxslər kimi təqdim olunması üçün heç bir əsas yoxdur.
Etibar Əliyev vurğulayıb ki, Bakı Slavyan Universitetinin çoxsaylı tanınmış məzunları arasında alimlər, diplomatlar, jurnalistlər, hərbçilər və ictimai xadimlər yer alır və onların Rusiyanın maraqlarına xidmət etməsi ilə bağlı hər hansı fakt mövcud deyil.
Sabiq deputat Milli Məclisin sədri Sahibə Qafarovanı uzun illərdən tanıdığını da qeyd edib.
O bildirib ki, Sahibə Qafarova orta məktəb müəllimliyindən professorluğa qədər öz zəhməti hesabına yüksəlib, Azərbaycanın milli maraqlarını daim müdafiə edən, milli-mənəvi dəyərlərə sadiq bir ziyalıdır.
Etibar Əliyev hesab edir ki, Bakı Slavyan Universiteti və onun məzunları haqqında ümumiləşdirilmiş ittihamlar irəli sürmək doğru yanaşma deyil.
Elmar










