“İxtisası üzrə tələb olunan müsabiqə şərtlərini ödəməyən və əmək fəaliyyətinə xitam verilən müəllimlər, təxminən 10 min nəfər, tək fənn üzrə MİQ imtahanında iştirak edərək, əgər müəllimlik fəaliyyətini davam etdirmək istəyirlərsə, yenidən hazırlaşıb imtahanda iştirak edə və müəllim kimi fəaliyyət göstərə bilərlər. Buna hər hansı məhdudiyyət qoyulmayıb”.
Bunun Gununsesi.info-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib:

“Bununla yanaşı, əmək müqaviləsinə xitam verilən müəllimlərin işsizliyi ilə bağlı Sosial Müdafiə Nazirliyi tərəfindən digər sahələrdə və iş yerlərində çalışmaları üçün müəyyən dəstək göstərilir. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində digər istiqamətlərdə fəaliyyət göstərmələri üçün müəyyən köməkliklər edilir.
Yəni, bu istiqamətdə müvafiq addımların atılması böyük ehtimalla mümkündür. Amma bununla yanaşı, qəbul etməliyik ki, bu gün artıq süni intellekt dövrüdür. Süni intellekt bir çox ixtisaslarda ixtisarlara səbəb olacaq.
Məsələn, bu gün mühasibatlıq və iqtisadiyyat yönümlü sahələrdə bir çox peşələrin süni intellekt tərəfindən əvəzlənməsi ehtimalı var. Bəs ixtisara düşən şəxslərin taleyi necə olacaq? Ona görə də insan daim öz üzərində işləməli, bilik və bacarıqlarını artırmalıdır.
Kapitalist cəmiyyətində davamlı mübarizə aparmaq və özünü daim təkmilləşdirmək vacibdir. Müəllimlik və ya digər sahələrdən asılı olmayaraq, hər hansı bir peşə sahibi öz sahəsində inkişaf etməlidir. Əmək bazarının tələbi ən yaxşı mütəxəssis olmaqdır. Özünü inkişaf etdirənlər əmək bazarında qalacaq, bu tələblərə uyğunlaşmayanlar isə təəssüf ki, çətinliklərlə üzləşəcəklər.
Bu gün 10 min müəllimin ixtisara düşməsi məsələsi gündəmdədirsə, yaxın gələcəkdə süni intellektin təsiri ilə digər sahələrdə də eyni vəziyyət yarana bilər. O zaman həmin insanların taleyi necə olacaq? Bütün bunlar dövrün tələblərinə uyğun olaraq formalaşacaq.
Nəticə etibarilə, hər bir ixtisas sahibi öz sahəsini yaxşı bilməli, daim özünü təkmilləşdirməli və inkişaf etdirməlidir”.
Şəbnəm Rəhimova












