İlqar Məmmədov məcburi hərbi xidmətin müasir dövrdə aktuallığını itirdiyini bildirərək, Azərbaycanda bu sahədə islahatların vacibliyini vurğulayıb.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, bir çox ölkələrdə hərbi xidmətə çağırış təsadüfi səbəblərdən deyil, məhz bu modelin yaratdığı mənəvi və praktiki problemlər səbəbindən ləğv edilib.
Məmmədov qeyd edib ki, beynəlxalq gərginliyin artması fonunda bəzi ölkələrdə çağırışın bərpası ilə bağlı müzakirələr getsə də, hələlik ciddi qərarlar qəbul olunmayıb.
Siyasətçi bildirib ki, müasir dünyada məcburi hərbi xidmət ciddi mənəvi böhran yaşayır və bu vəziyyət müxtəlif ölkələrdə müşahidə olunur.
Onun fikrincə, son illərdə Rusiya-Ukrayna müharibəsi zamanı səfərbərliklə bağlı yayılan görüntülər də bu problemin dərinliyini göstərir.
İlqar Məmmədov diqqəti bu gün yayılan bir xəbərə də yönəldib.
O bildirib ki, hərbi xidmət keçmədiyi üçün azərbaycanlı futbolçunun Albaniyada çıxış etdiyi klubuna qayıda bilmədiyi, ölkədən çıxışına icazə verilmədiyi iddia olunur.
Məmmədovun sözlərinə görə, idman qurumlarının və məşqçi Qurban Qurbanovun müraciətlərinə baxmayaraq, məsələ həllini tapmayıb.
Onun fikrincə, hərbi xidmətlə bağlı mövcud məhdudiyyətlər azərbaycanlı idmançıların xarici klublarla müqavilə bağlama imkanlarını da məhdudlaşdıra bilər.
Eyni zamanda, o qeyd edib ki, yalnız futbolçular üçün istisna tətbiq etmək də çıxış yolu deyil, çünki bu halda digər idman növlərində çıxış edənlər və ya xaricdə formal müqavilə bağlayan şəxslər üçün də analoji tələblər yaranacaq.
İlqar Məmmədov hesab edir ki, indiki şəraitdə gənclərin bir il müddətinə məcburi hərbi xidmətə cəlb olunması səmərəli model deyil. O təklif edib ki, Azərbaycan peşəkar orduya tam keçənədək qısa müddətli və hissələrə bölünmüş hərbi hazırlıq sistemi tətbiq olunsun. Onun sözlərinə görə, buna nümunə kimi Türkiyədəki modeli göstərmək olar və təxminən altı aylıq hərbi hazırlıq kifayət edə bilər.
Məmmədov əlavə edib ki, bununla yanaşı, Azərbaycanda tam peşəkar orduya keçid prosesi də sürətləndirilməlidir.
Elmar











