Politoloq Turan Rzayev: - "Kurtuluş Savaşı" anlayışının dəyişdirilməsi tarixi reallıqlarla uzlaşmır

  • By Admin2
  • 09 İyul 2026 12:34

Gununsesi.info-nun xəbərinə görə, Rzayev qeyd edib ki, Yusuf Tekinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə görüşdə dərsliklərdə “Kurtuluş Savaşı” ifadəsinin “Milli Mücadele” termini ilə əvəzlənəcəyini açıqlaması mübahisələrə səbəb olub. Nazirin “Nədən qurtuluruq? Ondan əvvəl nəhəng Osmanlı İmperiyası var idi” fikri isə tarixçilər və ictimaiyyət arasında geniş müzakirə olunur.

Politoloqun sözlərinə görə, tarixi faktlar göstərir ki, Birinci Dünya müharibəsinin sonlarında Osmanlı İmperiyası artıq ciddi siyasi, hərbi və iqtisadi böhran yaşayırdı.

O xatırladıb ki, 1920-ci il avqustun 10-da imzalanan Sevr müqaviləsi ilə Osmanlı dövləti ağır şərtlərlə üzləşmiş, ərazilərinin böyük hissəsini itirmiş, ordusu məhdudlaşdırılmış və dövlətin müstəqil qərarvermə imkanları faktiki olaraq aradan qaldırılmışdı.

Turan Rzayev hesab edir ki, məhz bu səbəbdən “Kurtuluş Savaşı” ifadəsi tarixi reallığı daha dəqiq əks etdirir.

Onun fikrincə, bu anlayış Türkiyə xalqının işğala qarşı mübarizəsini və ölkənin azad edilməsini əsas kontekst kimi ifadə edir, “Milli Mücadele” termini isə həmin dövrün mahiyyətini tam əhatə etmir.

Politoloq eyni zamanda deyib ki, Sultan VI Mehmed Vahidəddin Mustafa Kamalı 1919-cu ildə Samsuna milli azadlıq hərəkatına başlamaq üçün deyil, Anadoluda sabitliyi təmin etmək məqsədilə 9-cu Ordu Müfəttişi kimi göndərmişdi. Lakin Mustafa Kamal verilən səlahiyyətlərdən istifadə edərək müqavimət qüvvələrini birləşdirdi və sonradan “Kurtuluş Savaşı” adlandırılan istiqlal mübarizəsinə rəhbərlik etdi.

Rzayev sonda vurğulayıb ki, Sevr müqaviləsi Osmanlı hökuməti tərəfindən imzalansa da, Türkiyə Böyük Millət Məclisi tərəfindən tanınmadığı üçün tam hüquqi qüvvəyə minməyib.

Onun sözlərinə görə, Türkiyə Osmanlı İmperiyasının varisi olsa da, bu varislik keçmişin səhvlərini təkrarlamaq deyil, onlardan nəticə çıxarmaq üzərində qurulmalıdır.

Orxan

Gununsesi.info