Hər gün cəmiyyəti sarsıdan yeni bir faciəvi xəbər yayılır. Ötən gün Bakıda bir kişi həyat yoldaşını küçənin ortasında güllələyərək öldürdü.
Təəssüf ki, bu cür ağır cinayətlərin sayı son illərdə artmaqdadır. Xüsusilə narahatlıq doğuran məqamlardan biri də belə hadisələrin bəzən uşaqların gözü qarşısında baş verməsidir.
Bəs uşaqların gözü qarşısında baş verən bu cür faciələr onların gələcək həyatına necə təsir edir?
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan psixoloq Nuriyyə Vidadıqızı məsələni həm psixoloji, həm də sosial baxımdan olduqca əhəmiyyətli hesab edir.

O qeyd edib ki, uşağın cinayəti birbaşa görməsi və ya zorakılığa şahid olması onun təhlükəsizlik hissinə, dünyaya baxışına və emosional inkişafına ciddi təsir göstərə bilər:
“Qeyd etmək lazımdır ki, hər uşaq bu hadisələrdən eyni dərəcədə təsirlənmir. Təsirlənmənin səviyyəsi uşağın yaşından, xarakterindən, temperamentindən, ailəsinin və sosial mühitinin ona göstərdiyi dəstəkdən asılıdır. Bu travmanın dərinləşməsində sosial şəbəkələrin də böyük rolu var.
Belə hadisələrdən sonra görüntülərin və xəbərlərin dəfələrlə paylaşılması, müxtəlif şərhlərin yazılması istər-istəməz həmin cinayətin şahidi olan uşaqlara da təsir edir. Buna görə belə hallarda uşaqların psixoloji vəziyyəti diqqətlə izlənilməli, davranışlarında baş verən dəyişikliklər müşahidə olunmalıdır.
Çünki deyilən hər söz, yazılan hər fikir və göstərilən hər görüntü həmin uşaqlarda dərin iz buraxa bilər. Əgər cinayət nəticəsində bir valideyn həyatını itirir, digər valideyn isə həbs olunur, ən ağır yükü uşaqlar daşıyır. Onlar həm valideyn itkisi yaşayırlar, həm də digər valideyndən ayrı düşürlər. Nəticədə uşağın həyatı parçalanır, gələcəyi ciddi şəkildə təsirlənir və dərin psixoloji travmalar yaranır.
Əslində, belə hadisələrdə zərər təkcə həyatını itirən və ya həbs olunan şəxslərlə məhdudlaşmır. Ən ağır nəticələr çox vaxt hadisənin şahidləri üçün qalır. Bu, istər uşaq, istərsə də böyük insan olsun, şahid olduğu hadisənin psixoloji yükünü uzun illər daşıya bilər. Xüsusilə uşaqların hər biri bu travmanın öhdəsindən eyni şəkildə gələ bilmir.
Bu baxımdan təkcə ailənin deyil, məktəbin və bütövlükdə cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Sosial şəbəkə istifadəçiləri də yazdıqları rəylərdə və paylaşdıqları məzmunlarda hadisənin şahidi olan uşaqların psixoloji durumunu nəzərə almalı, daha həssas davranmalıdırlar.
Bəs nə zaman mütəxəssisə müraciət etmək lazımdır? Əgər uşaqda davamlı qorxu, yuxu pozuntusu, davranış və psixi inkişafında dəyişikliklər müşahidə olunursa, məktəbə getmək istəmirsə, yaşıdlarından uzaqlaşırsa, ünsiyyətdən qaçırsa, hadisəni təkrar-təkrar xatırlayırsa, daim həmin barədə düşünür və ya tamamilə susqunlaşırsa, mütləq psixoloji dəstək və terapiya almalıdır.
Cinayət təkcə bir insanın həyatına son qoymur. Bəzən onun şahidi olan insanların, xüsusilə də uşaqların təhlükəsizlik hissini, dünyaya inamını və gələcəyini də zədələyir. Bir psixoloq kimi hesab edirəm ki, uşaqları yalnız fiziki təhlükələrdən deyil, şahidi olduqları psixoloji travmalardan da qorumaq hər birimizin məsuliyyətidir”.
Şəbnəm Rəhimova












