Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda Avropa Şurası və Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı səsləndirdiyi fikirlər təkcə diplomatik bəyanat deyil, həm də Azərbaycanın son illərdə Avropa institutları ilə münasibətlərində yaranmış siyasi etimad böhranının ifadəsidir.
Bu məsələni qiymətləndirərkən emosional yanaşmadan daha çox beynəlxalq münasibətlərin prinsipləri, təşkilatların legitimliyi və dövlətlərin milli maraqları kontekstində təhlil aparmaq vacibdir.
AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması da Bakıda ikili standartların tətbiqi kimi qəbul edildi.
Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi hesab edir ki, bu qərar hüquqi arqumentlərdən daha çox siyasi motivlərlə qəbul olunub və təşkilatın obyektiv vasitəçi statusuna zərbə vurub. Nəticədə Azərbaycan nümayəndə heyətinin Assambleyanın fəaliyyətində iştirakını dayandırması qarşılıqlı etimadsızlığın dərinləşməsinə səbəb oldu.
“Prezident İlham Əliyevin irəli sürdüyü əsas şərt Azərbaycanın AŞPA-ya qayıtması üçün əvvəlcə nümayəndə heyətinin səsvermə hüququnun bərpa edilməsi diplomatik baxımdan prinsipial mövqe kimi qiymətləndirilə bilər. Dövlətlər beynəlxalq təşkilatlarda yalnız formal üzvlük deyil, bərabər hüquqlu iştirak imkanına malik olmalıdırlar. Əgər üzv dövlət özünü ayrı-seçkiliyə məruz qalmış hesab edirsə, həmin təşkilata olan etimadın zəifləməsi təbii siyasi nəticədir. Digər tərəfdən, Avropa Şurasının Baş katibi Alen Bersenin Azərbaycanın təşkilatı tərk etməməsi ilə bağlı çağırışı göstərir ki, rəsmi Strasburq da yaranmış böhranın dərinləşməsində maraqlı deyil. Bu mövqe onu göstərir ki, Azərbaycanın Avropa Şurasındakı üzvlüyü həm təşkilat, həm də region üçün müəyyən siyasi əhəmiyyət daşıyır. Çünki Avropa Şurası yalnız insan hüquqları platforması deyil, həm də dialoq və hüquqi əməkdaşlıq institutudur. Belə bir platformanın zəifləməsi nə Azərbaycanın, nə də təşkilatın uzunmüddətli maraqlarına tam uyğun gəlmir. Bununla yanaşı, beynəlxalq təşkilatların nüfuzu onların bütün üzv dövlətlərə eyni meyarlarla yanaşmasından asılıdır. Əgər qərarlar seçici xarakter daşıyır və ya siyasi konyunkturadan təsirlənirmiş kimi görünürsə, həmin təşkilatların legitimliyi sual altına düşür. Politologiyada bu hal “institusional etimad böhranı” kimi xarakterizə olunur. Azərbaycanın irəli sürdüyü “ədalətsiz qərardan geri çəkilmək və səhvi etiraf etmək” tələbi də məhz bu etimadın bərpasına yönəlmiş siyasi mesaj kimi qiymətləndirilə bilər. Mənim mövqeyimə görə, Azərbaycan öz milli maraqlarını və dövlət suverenliyini müdafiə etmək hüququna malikdir. Beynəlxalq təşkilatlarda iştirak qarşılıqlı hörmət və bərabər hüquqlar prinsipi üzərində qurulmalıdır. Əgər bu prinsiplər pozulursa, etiraz etmək və siyasi mövqe nümayiş etdirmək legitim vasitə hesab oluna bilər. Bununla belə, tam ayrılmaq variantı yalnız bütün diplomatik imkanlar tükəndikdən sonra nəzərdən keçirilməlidir. Çünki beynəlxalq təşkilatlar fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsi üçün mövcuddur və üzvlük dövlətə öz mövqeyini həmin platformalarda müdafiə etmək imkanı verir. Bir sözlə, Azərbaycan-Avropa Şurası münasibətlərinin gələcəyi tərəflərin qarşılıqlı kompromisə nə dərəcədə hazır olacağından asılı olacaq. Əgər AŞPA Azərbaycanın irəli sürdüyü əsas narahatlıqları nəzərə alaraq etimadın bərpası istiqamətində addımlar atarsa, münasibətlərin normallaşması mümkündür. Əks halda, siyasi gərginliyin davam etməsi Azərbaycanın Avropa Şurası ilə əlaqələrini daha da zəiflədə və hətta təşkilatdan çıxmaq məsələsini real siyasi gündəmə çevirə bilər. Bu isə həm Azərbaycan, həm də Avropa institutları üçün yeni geosiyasi və hüquqi nəticələr doğuracaq”, – deyə o qeyd edib.
Elmar
Gununsesi.info











