Bəhram Bağırzadə: "Artıq gurultulu vədlərin zamanı bitdi, işləmək vaxtıdır"

  • By Admin2
  • 13 İyul 2026 16:37

Aktyor, şoumen Bəhram Bağırzadə IV Şuşa Qlobal Media Forumunun başa çatmasından sonra forumla bağlı təəssüratlarını bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Bağırzadə bildirib ki, forumdan sonra ilk düşüncəsi siyasi və geosiyasi məsələlər barədə fikirlərini yazmaq olsa da, sonradan bundan imtina edib.

O qeyd edib ki, siyasət, diplomatiya və analitika xüsusi peşəkarlıq və məsuliyyət tələb edən sahələrdir və bu mövzular barədə səlahiyyətli şəxslərin danışmasının daha doğru olduğunu düşünür.

Bununla belə, o, bir vətəndaş, insan və uşaq kitablarının naşiri kimi forumdan özü üçün çox vacib bir nəticə çıxardığını vurğulayıb. Onun sözlərinə görə, bu nəticə sadədir: “Çox çalışmaq lazımdır. Dövlət naminə, xalq naminə və uşaqlarımız naminə.”

Bəhram Bağırzadə qeyd edib ki, forum zamanı səsləndirilən fikirlərin arxasında əsas mesajın artıq gurultulu vədlərin deyil, əməyin ön plana çıxması olduğunu hiss edib.

O bildirib ki, Prezident İlham Əliyev forumda demokratiya, iqtisadiyyat və beynəlxalq münasibətlər də daxil olmaqla bir sıra mövzulara toxunsa da, onun üçün əsas mesaj “gözləmə, işlə” çağırışı olub.

Bağırzadənin fikrincə, hər kəs peşəkar olduğu, vicdanla fəaliyyət göstərə bildiyi və cəmiyyətə fayda verə biləcəyi sahədə çalışmalıdır.

“Əslində, işləmək bizim vətəndaş cəbhəmizdir, məhsuldar, dürüst və mütəmadi fəaliyyət göstərməkdir”, – deyə o vurğulayıb.

Bəhram Bağırzadə əlavə edib ki, bundan sonra da fəaliyyətini eyni istiqamətdə davam etdirəcək və uşaqlara vətəni sevməyi, tarixi öyrənməyi və xeyirxahlığa inanmağı aşılayan kitabların nəşri ilə məşğul olmağı qarşısına məqsəd qoyub.

Elmar

Gununsesi.info