“Peşəkarlıq tələb etməzdən əvvəl peşəkara hörmət etməyi öyrənin” - Jurnalist

İdman jurnalisti Ağa Dadaşzadə idman mediasına və jurnalistlərə göstərilən münasibətlə bağlı tənqidi fikirlərini bölüşüb.

Gununsesi.info -nun xəbərinə görə, o bildirib ki, ölkə idmanında qazanılan uğurlar daha çox sistemli fəaliyyətin deyil, fədakar insanların əməyinin nəticəsidir.

Onun sözlərinə görə, bu uğurları illərlə işıqlandıran idman jurnalistləri isə lazımi diqqət və hörmət görmür.

Ağa Dadaşzadə qeyd edib ki, bir çox tədbirlərdə təşkilatçılar yalnız tədbirin işıqlandırılması üçün mətbuata ehtiyac duyurlar, tədbir başa çatdıqdan sonra isə jurnalistlərin iş şəraiti və peşəkar fəaliyyətləri diqqətdən kənarda qalır.

Jurnalist vurğulayıb ki, son illər idmanın təbliğində bloqerlərə üstünlük verilməsi ənənəyə çevrilib.

Onun fikrincə, bir çox hallarda idman sahəsi ilə bağlı məlumatı olmayan şəxslər yalnız sosial şəbəkələrdəki baxış sayına görə ön plana çəkilir, peşəkar jurnalistlər isə lazımi dəyəri görmür.

Ağa Dadaşzadə əlavə edib ki, bloqerlər rahat şəraitdə tədbirləri izlədiyi halda, jurnalistlər saatlarla ayaq üstə qalır, internet və iş üçün uyğun şərait tapmaqda çətinlik çəkirlər.

Buna baxmayaraq, onlardan yüksək peşəkarlıq tələb olunduğunu bildirib.

“Peşəkarlıq hörmət olmayan yerdə yaşamır”, – deyə o vurğulayıb.

Jurnalistin sözlərinə görə, qısamüddətli sosial media trendi yaradan bloqerlərlə müqayisədə jurnalistlər idmanın tarixini yazır, arxiv yaradır və gələcək nəsillər üçün mühüm informasiya mənbəyi formalaşdırırlar.

Ağa Dadaşzadə sonda aidiyyəti qurumlara çağırış edərək bildirib ki, mətbuatdan peşəkarlıq tələb etməzdən əvvəl peşəkar jurnalistlərə layiq olduqları hörmət və iş şəraiti təmin edilməlidir.

Onun fikrincə, əks halda “peşəkarlıq” anlayışı yalnız səsləndirilən bir şüar olaraq qalacaq.

Elmar
Gununsesi.info