Politoloq: Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışı mühüm xarici siyasət mesajları verdi

  • By Admin2
  • 14 İyul 2026 12:21

Politoloq Turan Rzayev iyulun 13-də Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri şərh edib.

Gununsesi.info xəbər veirr ki, onun sözlərinə görə, dövlət başçısının çıxışı bir neçə mühüm istiqamətdə diqqətçəkən mesajlarla yadda qalıb.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasından tam çıxma ehtimalını gündəmə gətirməsi təşkilata ünvanlanan ciddi siyasi mesajdır. Turan Rzayev qeyd edib ki, Prezidentin vurğuladığı kimi, ölkə Avropa Şurasından tam şəkildə çıxacağı təqdirdə bunun Azərbaycan cəmiyyətinin gündəlik həyatına ciddi təsir göstərməsi gözlənilmir.

Ekspert hesab edir ki, bu açıqlama qarşı tərəfə münasibətlərin mövcud formada davam etməsinin daha sərt qərarlarla nəticələnə biləcəyinə dair xəbərdarlıq kimi qiymətləndirilə bilər.

O, eyni zamanda vurğulayıb ki, Avropa Şurası ilə Avropa İttifaqı fərqli qurumlardır və Azərbaycanın Avropa Şurasından çıxması Avropa İttifaqı ilə iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın dayandırılması anlamına gəlmir.

Turan Rzayev Prezident İlham Əliyevin çıxışında ABŞ-İran münasibətlərinə toxunmasını da mühüm məqam kimi dəyərləndirib.

Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanın yerləşdiyi geosiyasi mühitin mürəkkəbliyinə diqqət çəkərək, ölkənin faktiki olaraq müharibə risklərinin əhatəsində olduğunu bildirib.

Politoloq qeyd edib ki, Prezident çıxışında nə ABŞ-ı, nə də İranı ittiham edib, əsas diqqəti münaqişənin dayandırılmasına, qan tökülməsinin qarşısının alınmasına və regional sabitliyin təmin olunmasına yönəldib. Bu isə Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun davam etdiyini göstərir.

Rzayev son olaraq bildirib ki, Vaşinqtonun vasitəçiliyi ilə Ermənistanla sülh sazişinin paraflanması, eləcə də ABŞ-ın 907-ci düzəlişinin icrasının dayandırılması Azərbaycan üçün mühüm diplomatik nailiyyətlərdir.

O əlavə edib ki, Bakının növbəti əsas hədəfi həmin düzəlişin tamamilə ləğv olunmasıdır.

Elmar

Gununsesi.info