Xudayar - Vətənin səsinə çevrilən oğul

  • By Admin2
  • 15 İyul 2026 10:21

Bu gün, yəni 15 iyul şəhid Xudayar Yusifzadənin doğum günüdür.

Bəzən bir insan ömrü illərlə deyil, qoyduğu izlə ölçülür.

Elə insanlar var ki, qısa ömür yaşasalar da, əsrlərə sığacaq qədər böyük bir tarix yazırlar. Xudayar Yusifzadə də belə oğullardan idi. O, sadəcə silah tutan bir əsgər deyildi. O, Vətənin nəfəsi, xalqın qüruru, azadlığın səsi idi.

Vətən uğrunda döyüşmək hər kəsin bacardığı iş deyil. Çünki Vətəni sevmək təkcə onu dillə tərifləmək deyil. Vətəni sevmək lazım gələndə gəncliyini, arzularını, ailəni, hətta həyatını belə gözünü qırpmadan ona əmanət etməkdir.

Xudayar bunu sözlə yox, canı ilə sübut etdi.

Onun səsində qəribə bir rahatlıq vardı. Sanki o səs deyirdi ki, “bu torpaqlar yenə gül açacaq, yenə uşaqların gülüşü eşidiləcək”. elə o cür də oldu. Həm döyüşü, həm nəğməsi sayəsində.

Döyüşün ən ağır anında belə Vətəni nəğmə ilə sevən bir insan yalnız böyük ürəyə sahib ola bilərdi. Çünki qorxu insanın səsini titrədər, inam isə onu nəğməyə çevirər. Xudayarın səsi də inamın səsi idi.

Bu gün biz azad yollarla gəzir, üçrəngli bayrağımızın dalğalanmasını qürurla izləyiriksə, bunun arxasında Xudayar kimi minlərlə igidin yarımçıq qalan arzuları dayanır. Onlar öz sabahlarından keçdilər ki, bizim sabahımız olsun. Onlar öz analarını göz yaşına qərq etdilər ki, Vətən bir daha əsarətin göz yaşını görməsin.

Şəhidlər haqqında danışarkən “öldü” sözünü işlətmək çətindir. Çünki Vətən üçün canını verən insan ölmür. O, xalqın yaddaşında yaşayır, məktəblərdə öyrədilir, bayrağın rəngində görünür, uşaqların vətən sevgisində böyüyür. Xudayar da artıq bir ad deyil. O, cəsarətin, ləyaqətin və sonsuz vətən sevgisinin rəmzidir.

Bizim borcumuz yalnız onları xatırlamaq deyil. Ən böyük borcumuz onların bizə əmanət etdiyi Vətəni sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki qəhrəmanlar torpağı azad edirlər, onu yaşadan isə gələcək nəsillər olur.

Xudayar Yusifzadənin həyatı bizə bir həqiqəti öyrətdi: Vətəni sevən insanın ömrü bitə bilər, amma adı heç vaxt bitmir. Çünki torpaq uğrunda can verənlər torpağa yox, millətin qəlbinə köçürlər. Xudayar da bu xalqın qəlbində əbədi yaşayan qəhrəmanlardan biridir.

Elmar

Gununsesi.info