2026-cı ildə Haaqa şəhərində ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyası keçirilib.
Gununsesi.info–nun təqdim etdiyi bu məqalədə Sessiya çərçivəsində Azərbaycana münasibətdə formalaşan yeni siyasi yanaşmalar təhlil olunur.
Yazıda Sessiya zamanı aparılan müşahidələr, beynəlxalq parlament nümayəndələri ilə keçirilən görüşlər və Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda ATƏT PA-nın mövqeyində baş verən dəyişikliklər diqqətə çatdırılır.
Sözügedən məqaləni təqdim edirik:
“2026-cı il 4–8 iyul tarixlərində Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyası keçirildi və mən Sessiyada müşayiətçi qismində iştirak etdim. Bu məqalədə Haaqa Sessiyası zamanı apardığım müşahidələrə, eləcə də Azərbaycan, Ermənistan, Almaniya, Fransa, Türkiyə və ABŞ nümayəndə heyətlərinin rəhbərləri, həmçinin ABŞ-ın ATƏT -dəki səfiri, ATƏT PA-nən Prezidenti və Baş katibi ilə keçirdiyim müsahibə və müzakirələrə əsaslanaraq, ATƏT Parlament Assambleyasında Azərbaycana münasibətdə formalaşan yeni yanaşmasının qısa təhlilni vermək istərdim.
Beynəlxalq parlament təşkilatları adətən geosiyasi reallığı birbaşa dəyişmir. Onların əsas rolu dövlətlər arasında siyasi dialoqun təşviqi, beynəlxalq ictimai rəyin formalaşdırılması və gələcək siyasi tendensiyaların ilkin əlamətlərinin müşahidə olunduğu platforma kimi çıxış etməkdir. Məhz bu baxımdan ATƏT Parlament Assambleyasının Haaqa Sessiyası təkcə təşkilati baxımdan deyil, həm də siyasi məzmununa görə xüsusi əhəmiyyət daşıyır.
Mən, Azərbaycan nümayəndə heyətinin müşayiətçi üzvü qismində Sessiyanın plenar iclaslarında, komitə müzakirələrində, Qrup toplantılarında və müxtəlif ölkələrin parlamentariləri ilə keçirilən çoxsaylı fikir mübadilələrində iştirak etmək imkanı əldə etdim. Bu görüşlər mənə yalnız rəsmi sənədləri deyil, həm də müxtəlif ölkələrin parlament nümayəndələrinin Azərbaycan, Ermənistan və bütövlükdə Cənubi Qafqaz barədə dəyişən baxışlarını yaxından müşahidə etmək imkanı verdi.
Sessiyanın ölkəmiz üçün ən mühüm nəticəsi isə bəlkə də baş verməyən hadisə idi. Belə ki, ATƏT Parlament Assambleyasının son 33 ildə ilk dəfə olaraq nə keçmiş münaqişə, nə də Azərbaycan-Ermənistan normallaşması ilə bağlı qəbul olunan qətnamələrdə hər hansı müddəa yer aldı.Bu faktlar təsadüfi prosedur nəticələri kimi qiymətləndirilə bilməz.
Haaqa sessiyası göstərdi ki, ATƏT Parlament Assambleyası Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən regionda formalaşan yeni reallığı qəbul edir, ölkəmzin əldə etdiyi qələbəni və dəyişdiyi güc balansını nəzərə alır, sülh prosesinin isə yalnız Bakı ilə İrəvan arasında aparılan birbaşa danışıqlar vasitəsilə irəliləməsinin mümkün olduğunu anlayır. Bu isə ölkəmizə münasibətin ciddi şəkildə dəyişməsinə təsir göstərmişdir. 5 günlük Sessiya zamanı keçirilən müzakirələrdə də aydın hiss olunurdu ki, getdikcə daha çox parlamentarinin fikrincə, Azərbaycan ilə Ermənistan arasında davamlı sülh yalnız iki suveren dövlət arasında birbaşa danışıqlar yolu ilə mümkündür. Xaricdən tətbiq edilən siyasi modellərin və ya birtərəfli təşəbbüslərin uzunmüddətli nəticə verməyəcəyi barədə ortaq yanaşma əvvəlki illərlə müqayisədə daha aydın ifadə olunurdu.
Sessiyanın digər mühüm nəticəsi Azərbaycanın ATƏT Parlament Assambleyasının rəhbər strukturlarında təmsilçiliyini qoruyub saxlaması oldu. ATƏT PA -da rəhbər vəzifələr avtomatik qaydada və rotasiya ilə deyil, üzv dövlətlərin nümayəndələrinin səsverməsi yolu ilə müəyyən edilir. Buna görə də bu seçki yalnız fərdi etimadın deyil, eyni zamanda Azərbaycanın Assambleya çərçivəsində həyata keçirdiyi fəaliyyətə verilən siyasi qiymətin göstəricisidir.
Sessiya çərçivəsində “Qlobal Siyasət” ixtisası üzrə “ATƏT Parlament Assambleyası nümayəndələri TRIPP layihəsini necə, Cənubi Qafqazda sülh quruculuğu mexanizmi , yoxsa geosiyasi rəqabət aləti kimi qiymətləndirir?” mövzusunda araşdırma apardım. Araşdırma çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa , Türkiyə və ABŞ nümayəndə heyətlərinin rəhbərləri, eləcə də ABŞ-ın ATƏT -dəki səfiri, ATƏT PA-nın Prezidenti və Baş katibi ilə ayrıca müsahibələr və müzakirələr apardım.
Araşdırmanın nəticələri göstərdi ki, əksər həmsöhbətlər ölkəmizin uğurla təşviq və təşkil etdiyi Zəngəzur dəhlizinin TRIPP layihəsini təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə, Cənubi Qafqaz, Asiya, Avropa və ABŞ arasında ticarət, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional inteqrasiya baxımından mühüm strateji layihə kimi qəbul edirlər. Müsahibələr zamanı həm Azərbaycanın, həm də Ermənistanın davamlı sülh istiqamətində atdığı addımlar yüksək qiymətləndirildi.
Bu nəticə onu da göstərir ki, beynəlxalq parlament diplomatiyasında Azərbaycan əvvəlki illərlə müqayisədə tamamilə yeni mərhələyə qədəm qoyub. Ölkəmizə Avrasiya məkanında sabitliyə, əməkdaşlığa və iqtisadi inteqrasiyara töhfə verən məsuliyyətli aktor kimi hörmət edilir və Prezident İlham Əliyevin formalaşdırdığı siyasi və təhlükəszilik arxitekturası beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir”.
Atilla Quluzadə, “Dünya Məktəbi”nin Hüquq Cəmiyyətinin sədri












