Universitet müəllimləri niyə sertifikatlaşdırılmır? -EKSPERT DANIŞDI

Son vaxtlar məktəb müəllimlərinin sertifikatlaşdırılması geniş müzakirə mövzusudur. Bunun fonunda ali təhsil müəssisələrində çalışan müəllimlərin peşə hazırlığı və bilik səviyyəsi ilə bağlı da suallar gündəmə gəlir. Bəs universitet müəllimləri də sertifikatlaşdırılmalı, yoxsa onların fəaliyyəti fərqli qiymətləndirmə mexanizmi ilə yoxlanılmalıdır? 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, universitet müəllimləri mütləq sertifikasiyadan keçməlidir:

“Ali təhsil müəssisələrində kadr hazırlığının arzuolunan səviyyədə olmaması əsas problemlərdən biridir. O hesab edir ki, bu səbəbdən universitet müəllimlərinin bilik və bacarıqları mütəmadi qiymətləndirilməlidir.

Universitetlərdə yalnız magistr dərəcəsi ilə çalışan, elmi araşdırmalar aparmayan, beynəlxalq elmi məqalələr hazırlamayan və Bolonya sisteminin tələblərinə uyğun tədris təşkil etməyən müəllimlər var.

Bəzi müəllimlər praktik biliklərə kifayət qədər yiyələnmədikləri üçün laboratoriya məşğələlərini tələbələrə lazımi səviyyədə keçə bilmirlər. O, həmçinin MİQ imtahanında uğur qazana bilməyən, lakin müxtəlif yollarla universitetlərdə müəllim kimi fəaliyyətə başlayan şəxslərin də olduğunu qeyd edib”.

Onun sözlərinə görə, beynəlxalq təhsil təcrübəsini bilməyən, müntəzəm elmi tədqiqat aparmayan və ali təhsildə müasir tədris prinsiplərinə yiyələnməyən müəllimlər universitetlərdə çalışmamalıdır.

Ramin Nurəliyev əlavə edib ki, tədrisi ingilis dilində aparılan ixtisaslarda dərsləri ingilis dilində keçə bilməyən müəllimlərin fəaliyyət göstərməsi də ciddi problemdir:

“Universitetlərdə müəllim seçimi yalnız peşəkarlıq və bilik əsasında aparılmalıdır. Onun fikrincə, qohumluq və ya tanışlıq əlaqələri ilə ali məktəblərdə müəllim kimi fəaliyyət göstərən savadsız şəxslərə yer verilməməlidir.

Sonda ekspert vurğulayıb ki, universitet müəllimlərinin bilik və bacarıqları hərtərəfli qiymətləndirilsə, məktəb müəllimlərinin sertifikatlaşdırılmasından daha ciddi problemlərin üzə çıxacağı istisna deyil”.

 

Şəbnəm

Gununsesi.info