“Cep Stor”u aldadıcı vədlərdə ittiham edilir

  • Müəllif: Orxan
  • 20 İyul 2026 21:27

Vətəndaş “Cep Stor” tərəfindən göstərilən proqram təminatı xidməti ilə bağlı narazılığını ictimaiyyətlə bölüşüb.

Gununsesi.info-nun xəbər verir ki, şikayətçinin sözlərinə görə, o, proqram təminatının quraşdırılması üçün “Cep Stor”a müraciət edib.

Onun iddiasına əsasən, xidmət göstərən əməkdaş proqramın lisenziyasının ömürlük olduğunu bildirib və alıcı da ödənişi bu vədə əsasən edib.

Lakin bir müddət sonra proqramda lisenziyanın bitmək üzrə olduğu barədə bildiriş göründüyünü, bir neçə gün sonra isə lisenziyanın tamamilə etibarsız olduğunu deyən istifadəçi məsələ ilə bağlı şirkət əməkdaşı ilə əlaqə saxlayıb.

Şikayətçi iddia edir ki, bu zaman ona proqramın “crack” versiya olduğu və belə lisenziyaların istənilən vaxt etibarsız ola biləcəyi bildirilib.

Onun sözlərinə görə, bu cavab xidmət göstərilməzdən əvvəl verilən “orijinal” və “ömürlük lisenziya” vədləri ilə ziddiyyət təşkil edir.

İstifadəçi əlavə edib ki, məsələ ilə bağlı aylardır şirkət əməkdaşına mesaj yazmasına baxmayaraq, müraciətlərinə cavab verilmir.

Şikayətçi paylaşımının məqsədinin digər istehlakçıları mümkün oxşar hallardan xəbərdar etmək olduğunu bildirib.

Qeyd edək ki, yazıda səsləndirilən iddialar şikayətçinin mövqeyini əks etdirir. Məsələ ilə bağlı “Cep Stor”un rəsmi mövqeyi məlum deyil.

Elmar

Gununsesi.info