Polad Həşimovun məzar daşı zədələnib - MİLLİ QƏHRƏMANIN ANASINDAN TƏLƏB

  • Müəllif: admin
  • 20 İyul 2026 23:19

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun məzar daşı zədələnib. 
Gununsesi.info bildirir ki, bu barədə mərhum generalın anası Səmayə Həşimova məlumat yayıb. 

O, Polad Həşimovun məzar daşının keyfiyyətsiz hazırlandığını iddia edərək, aidiyyatı qurumları məsələni tezliklə həll etməyə çağırıb:

Şəhidin məzar daşındakı keyfiyyətsiz iş, istifadə olunan mərmərin yararsızlığı və üzərindəki şəklin yanaq hissəsindəki qara ləkə ilə bağlı aidiyyəti qurumlar dərhal izahat verməlidirlər. Bir məzar daşının 4 dəfə dəyişdirilməsi idarəçilikdəki qeyri-peşəkarlığın və şəhidə olan sayğısızlığın bariz nümunəsidir.

Tələblərim konkret və qətidir. Ləkəli mərmər dərhal dəyişdirilməli, şəhidin məzarüstü şəkli və üzərindəki yazılar ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yenilənməlidir”.

Səmayə Həşimova, həmçinin məzarlıqdan yığışdırılan Azərbaycan və Türkiyənin bayraqlarının  dərhal bərpa olunmasını tələb edib.

Bundan başqa o, oğlunun ev muzeyinin açılmasını və xatirəsinə ucaldılacaq heykəlin məsələsəsinin sürətləndirilməsini tələb edib:

Bu tələblər təkcə mənim deyil, bütün şəhid ailələrinin və xalqımızın iradəsidir. Şəhidin haqqına girməkdən və bu rüsvayçılığa yol verməkdən çəkinin. Bu nöqsanların dərhal aradan qaldırılmasını və məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edirəm”.

Gununsesi.info