Şəxsi məlumatlarla bağlı narahatlıq banklara etimadı sarsıda bilər

Son vaxtlar bəzi vətəndaşlar bildirirlər ki, bank xidmətlərindən istifadə edərkən onların şəxsi məlumatları myGov üzərindən ayrıca razılıqları alınmadan yoxlanılır.

Xüsusilə bu iddialar Kapital Bank müştəriləri arasında narahatlıq doğurub. Bu vəziyyət müştərinin məlumatlarının hansı qaydada və hansı əsasla sorğulanması ilə bağlı suallar yaradıb.

Məsələ ilə Gununsesi.info-ya danışan brend strateqiyası və marketinq üzrə mütəxəssis Abbasəli Hüseynov bildirib ki, istifadəçinin açıq razılığı olmadan my.gov.az üzərindəki məlumatlara çıxış əldə edilməsi və ya həmin məlumatlardan istifadə olunması banklar üçün marketinq baxımından ciddi etibar böhranına səbəb ola bilər.

Onun sözlərinə görə, bankın müştəriyə təqdim etdiyi əsas dəyər etibardır. Bu etibar sarsıldıqda, brendin nüfuzu da zərbə alır. Narazı qalan bir müştəri mənfi təcrübəsini ətrafındakı insanlarla bölüşür və bu, ən təsirli mənfi tanıtım vasitələrindən birinə çevrilir. Eyni zamanda, yeni müştəri qazanmaq, mövcud müştərini qoruyub saxlamaqdan daha çox xərc tələb edir.

Mütəxəssis qeyd edib ki, dünya təcrübəsi də bunu təsdiqləyir. Facebook və Equifax kimi şirkətlərdə baş vermiş məlumat qalmaqallarından sonra ictimai etimadın bərpası uzun illər çəkib. Buna görə də şəxsi məlumatların qorunması təkcə hüquqi məsələ deyil, həm də bankların nüfuzu və müştəri etimadının qorunması baxımından strateji əhəmiyyət daşıyır.

 

Şəbnəm Rəhimova

Gununsesi.info