Obstruktiv yuxu apnesi (OSA) yuxu zamanı tənəffüsün dəfələrlə dayanması ilə xarakterizə olunan və vaxtında müalicə edilmədikdə ürək-damar xəstəlikləri, arterial hipertenziya, insult, şəkərli diabet və digər ciddi fəsadların yaranma riskini artıran yuxu pozğunluğudur. Xorultu isə bu xəstəliyin ən geniş yayılmış əlamətlərindən biri hesab olunur.
Mütəxəssislərin sözlərinə görə, obstruktiv yuxu apnesinin müalicəsi xəstəliyin ağırlıq dərəcəsinə, hava yolunun hansı səviyyədə daralmasına və xəstənin ümumi sağlamlıq vəziyyətinə uyğun olaraq müəyyən edilir. Həyat tərzinin dəyişdirilməsi, CPAP terapiyası və ağızdaxili cihazlarla yanaşı, bəzi hallarda cərrahi müdaxilə də zəruri olur.
Azərbaycanda İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində yuxu apnesinə səbəb olan anatomik problemlərin aradan qaldırılması məqsədilə aşağıdakı əməliyyatlar tibbi göstəriş olduqda qarşılanır:
Septoplastika – burun çəpərinin əyriliyinin aradan qaldırılması;
Turbinoplastika (konxoplastika) – burun seyvanlarının (burun ətlərinin) kiçildilməsi;
Tonsillektomiya – badamcıqların çıxarılması;
Adenoidektomiya – adenoid toxumasının çıxarılması (xüsusilə uşaqlarda);
Burun poliplərinin çıxarılması (polipektomiya) və tibbi göstəriş olduqda bəzi endoskopik burun və sinus əməliyyatları.
Bu əməliyyatlar yuxarı tənəffüs yollarının keçiriciliyini yaxşılaşdırmağa, nəfəsalmaya mane olan anatomik problemləri aradan qaldırmağa və bəzi hallarda yuxu apnesinin şiddətini azaltmağa xidmət edir.
Hazırda obstruktiv yuxu apnesinin müalicəsində istifadə olunan aşağıdakı ixtisaslaşmış cərrahi müdaxilələr İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil deyil:
Uvulopalatofaringoplastika (UPPP) – yumşaq damaq və kiçik dil nahiyəsinin rekonstruktiv əməliyyatı;
Yumşaq damağın və dil kökünün radiotezlik əməliyyatları;
Dilin önə çəkilməsi əməliyyatı (Genioglossus Advancement);
Dilaltı (hioid) sümüyünün önə çəkilərək sabitləşdirilməsi əməliyyatı (Hyoid Suspension);
Üst və alt çənənin önə çəkilməsi əməliyyatı (Maxillomandibular Advancement – MMA);
Dilaltı (hipoqlossal) sinirin elektrik stimulyatorunun implantasiyası (Inspire sistemi).
Bundan əlavə, traxeostomiya xorultu və obstruktiv yuxu apnesinin standart müalicə üsulu hesab edilmir. Bu əməliyyat yalnız digər müalicə üsullarının nəticə vermədiyi və həyati təhlükə yaradan xüsusi klinik hallarda tibbi göstəriş əsasında həyata keçirilir.
Mütəxəssislər vurğulayırlar ki, cərrahi müalicə barədə qərar yalnız polisomnoqrafiya (yuxu testi), otorinolarinqoloji müayinə və digər diaqnostik qiymətləndirmələrin nəticələrinə əsasən verilir. Hər bir xəstə üçün müalicə üsulu fərdi qaydada müəyyən edilir və hər xorultu problemi olan şəxs üçün əməliyyat zəruri hesab edilmir.
Vüsal












