Milli medianın güclü olması, cəmiyyətin təhlükəsizliyi, inkişafı və gələcəyi məsələsidir - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • Müəllif: admin
  • 22 İyul 2026 10:40

Azərbaycan jurnalistləri Milli Mətbuat Gününü qeyd edir. Təbriklər, gələcək fəaliyyətlərə dair arzular media nümayəndələrinin sosial şəbəkə səhifələrini bürüyüb.

Amma bu təbriklərin, bu arzuların fonunda bir məqam diqqətimi çəkir:

Azərbaycan cəmiyyəti vicdanlı, dürüst, həqiqətin gözünün içinə dik baxa biləcək cəsarətli jurnalist qıtlığını yaşayır.

Bunun, təbii ki, obyektiv və subyektiv səbəbləri var. Bunun siyasi səbəbləri  barədə başqa bir yazımda fikirlərimi bölüşəcəyəm.

Milli medianın güclü olması, təkcə bu sahədə çalışanların deyil, bütün cəmiyyətin təhlükəsizliyi, inkişafı və gələcəyi məsələsidir.

Azərbaycan Konstitusiyasında ölkəmizin dövlət quruluşu kimi “hüquqi”, “demokratik” prinsip  elan edilib.

Amma hüquqi dövlət yalnız qanunların mövcudluğu ilə olmur. Hüquqi dövlət o zaman sözün əsl mənasında formalaşır ki, qəbul edilən qanunların, qərarların icrasına ictimai nəzarət olur.

Burada isə əsas yük AZAD MƏTBUAT-ın üzərinə düşür.

Dünəndən etibarən hər kəs prezident köməkçisi Hikmət Hacıyevlə Avropada yaşayan bloger Tural Sadıqlının dialoqunu müzakirə edir. 

Tural Sadıqlının jurnalistikaya yaxından-uzaqdan aidiyyəti yoxdur.  

Əlinə telefon alıb, başqalarını təhqir etmək heç blogerlik də deyil. 

Bəs bu insanlar niyə cəmiyyətin müzakirə mövzusudur? 

Çünki ölkə daxilində mətbuatın fəaliyyət imkanları məhdudlaşmamalıdır. Əgər bu gün hansısa hüquqsuzluqdan, sosial ədalətsizlikdən əziyyət çəkən vətəndaş ölkə mediasında danışmağa tribuna tapmırsa, o zaman onlara sığınır.

Azərbaycan vətəndaşı həm də ölkəsində baş verən hadisələri ölkə daxilində fəaliyyət göstərən peşəkar jurnalistlərdən almalıdır. Buna bir sıra hallarda imkan olmadığı üçün xaricdən yayımlanan platformalara üz tutur və onların auditoriyasına çevrilir. Bu isə nə dövlət, nə də cəmiyyət üçün arzuolunan vəziyyətdir.

Müstəqil medianın fəaliyyətinə daha geniş imkanların yaradılması ilk növbədə dövlətin öz maraqlarına cavab verir. Çünki ölkədə baş verən problemləri araşdıran, vətəndaşların üzləşdiyi problemləri  işıqlandıran jurnalistlər dövlətə qarşı yox, əslində dövlət idarəçiliyinin daha sağlam işləməsinə xidmət edirlər.

Ona görə də sağlam tənqidi heç vaxt düşmənçilik kimi qəbul etmək lazım deyil.
Hansısa məmurlar düşünürsə ki, azad medianın susdurulduğu yerdə problemlər ortaya çıxmayacaq və öz işinə davam edəcək, düz düşünmqr. Amma nəzərə almaq lazımdır ki, görünməyən problemlər zaman keçdikcə daha ağır nəticələrə səbəb ola bilər. Bu isə dövlət və hakimiyyət üçün ciddi problemlər deməkdir.

Bu gün Azərbaycan öz qalibiyyəti ilə suverenliyini qazanan ölkə statusundadır. Qalır ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi məsələsi.

Mənə şəxsən bir vətəndaş kimi xoş deyil ki, prezidentim Avropaya səfər edəndə kənardan nalayiq sözlər deyilsin, şüarlar səsləndirilsin.

Burada söhbət, təbii ki, hansısa Turan ölkələrinin arasındakı nüfuzdan yox, sivil cəmiyyətlərin bərqərar olduğu Avropadan gedir.

Hesab edirəm ki, bu sahədə müsbət dəyişikliklər Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinə, ölkənin investisiya cəlbediciliyinə və ümumilikdə dövlətin imicinə də müsbət təsir göstərə bilər.

Azərbaycan güclü dövlət qurmaq istəyirsə, güclü və müstəqil mətbuata ehtiyacı var. Çünki azad mətbuat dövlətin rəqibi deyil, onun ən etibarlı ictimai tərəfdaşı kimi qəbul olunmalıdır.

Nə qədər inkar etsək də, görməzdən gəlsək də, həbsdə olan jurnalistlərimiz var və bu problem həllini tapmalıdır.

Birinin adını çəkirəm: Natiq Cavadlı. 

Bu adam Xoşqədəm Hidayətızının “Üç Nöqtə”sində də eyni şəxslərdən müsahibə edib, ayın sonunda qonararını necə alırdısa, “Meydan TV” də eyni işi görüb, aylıq maaşını alıb.

Natiq qrant alan, onu mənimsəyən, hansısa tezislərlə yazı yazan adam deyil. 
O, əsl jurnalistika ilə məşğul idi. Onu başqalarından fərqləndirən isə müsahibləri ilə opponent olmasıdır. 

Milli Mətbuat Günüz mübarək olsun!

Pərviz Həşimli

Gununsesi.info