Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.
Bu tarix Azərbaycan milli mətbuatının yaranması ilə bağlıdır.
Belə ki, 22 iyul 1875-ci ildə Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti nəşr olunub.
“Əkinçi” Azərbaycan dilində nəşr olunan ilk milli qəzet hesab edilir.
Qəzet maarifçilik ideyalarını yayır, elm, kənd təsərrüfatı, mədəniyyət və cəmiyyətlə bağlı mövzulara toxunurdu.
“Əkinçi” cəmi 56 nömrə işıq üzü görüb və 1877-ci ildə çar hakimiyyəti tərəfindən bağlanıb.
Buna baxmayaraq, “Əkinçi” Azərbaycan mətbuatının və milli jurnalistikanın əsasını qoyub.
Gununsesi.info bu gün ilə bağlı azərbaycanlı jurnalistlərin mətbuat haqqında fikirlərini öyrənib.
Aparıcı İlhamiyyə Rza bu barədə yazıb:
“Bu gün Milli Mətbuat günüdür. Mətbuatımızın simasını təşkil edən, peşəsinə sədaqətlə xidmət edən həmkarlarımı ürəkdən təbrik edirəm! Onlar azdır, amma güclüdürlər! Vaxtilə bir neçə məqaləsi dövri mətbuatda çıxmamış adamları jurnalistika fakultəsinin kandarına belə buraxmırdılar. İndi hay-küylə bir birlərini təbrik edənlərə baxıram, bir cümlənin belə müəllifi deyillər. Başa düşürəm süni intellekt var və sizin yazmağınıza ehtiyac yoxdur. Əlbəttə, Süni intellekt sizin əvəzinizə yaza bilər, amma düşünə bilməz. Dediyim odur ki, bütün hallarda müəllif olmağı bacarmayan adam necə mətbuat işçisi ola bilər ki? Bu gün paylaşılan bütün posterlərdə qələm, kağız, çap makinası şəkilləri var. Özünüz düşünün, görəsən niyə? Bir sözlə, mənim mətbuat adamı kateqoriyam belədir. Və bu gün məhz düşünən, yazan, fikir istehsal edən, vətəninə, millətinə xidmət edən həmkarlarımı ürəkdən təbrik edirəm!”
Yazıçı-jurnalist Mirmehdi Ağaoğlu isə deyib:
“Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa jurnalistika ilə məşğul olaram. Mən jurnalistikanı yazıçılığın kiçik qardaşı kimi seçmişəm və ona bağlanmışam. Bircə səsi diktofondan çıxarmaq əziyyəti olmaya, bütün günü müsahibə götürərəm. Müsahibə götürmək ən sevdiyim məşğuliyyətlərdən biridir. Fikrində tutduğun “qol” sualın cavabını almaq üçün sağdan-soldan qapıya hücumlar etmək və nəticədə istəyinə nail olmaq…Elə bil, Argentina İngiltərə ilə oynayır. Bunun verdiyi həzzi çox az şeydən alıram. Sözün siqlətini hiss edən, sözün yükünün altına namusla çiynini vermiş bütün jurnalist dostlarımı təbrik edirəm”.
Mətbuat Şurasının sədri Rəşad Məcid də bu gün ilə bağlı təbrik ünvanlayıb.
“Jurnalistikasız yaşaya bilməyən, sözlə nəfəs alan, dilimizin saflığını qoruyan, obyektiv, vicdanlı və peşəkar mətbuat işçilərini ürəkdən təbrik edirəm. Belə peşəkar həmkarlarımı təbrik edəndə həm sevinir, həm də nədənsə qüssələnirəm.
Günümüz mübarək”.
Şair-jurnalist Aqşin Evrən də bu günü bu cür izah edib:
“Mətbuatın təkcə məlumatlandırma yox, həm də maarifləndirmə missiyasının olduğunu düşünmüşəm həmişə. Buna görə də mediada aktiv şəkildə çalışdığım bu 13 il ərzində xəbərlərlə yanaşı, minlərlə köşə, araşdırma, təhlil, məqalə yazıb, videosüjet hazırlamışam. Bundan başqa, mənim üçün Qarabağ münaqişəsi və müharibəsi dövründəki bilinən və bilinməyən fəaliyyətimiz xüsusilə unudulmazdır. Fəaliyyətimizin dövlət səviyyəsində qiymətləndirilməsi və Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağımı o tarixi mərhələnin dəyərləndirilməsi hesab edirəm. İndi yeni mərhələ başlayır. Allah utandırmasın. Həmkarlarımızı təbrik edirəm! Milli Mətbuat Gününüz mübarək!”.
Elmar
Gununsesi.info












