Bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 151-ci ildönümü qeyd edilir.
Azərbaycanda ilk milli qəzet olan Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də işıq üzü görməsi milli mətbuatın başlanğıcı hesab olunur. Həmin tarix ölkədə Milli Mətbuat Günü kimi qeyd edilir.
Jurnalistika təkcə cəmiyyəti məlumatlandıran peşə deyil, həm də ictimai fikrin formalaşmasına təsir göstərən mühüm sahələrdən biridir. Tarix boyu bu peşədən yetişən bir sıra tanınmış şəxslər sonradan dövlət idarəçiliyində də mühüm rol oynayıblar. Onlar jurnalistikada qazandıqları təcrübəni siyasətdə davam etdirərək ölkələrinin idarə olunmasında söz sahibi olublar.
Gununsesi.info bu münasibətlə peşəkar jurnalist kimi fəaliyyət göstərdikdən sonra siyasətdə yüksək vəzifələr tutmuş tanınmış simalar haqqında araşdırma hazırlayıb.
Jadranka Kosor (Xorvatiya)

Yadranka Kosor siyasətdə gəlməzdəb əvvəl “Večernji list”, “Radio Zaqreb” və qısa müddət “BBC”-də jurnalist kimi çalışıb.
O, müharibə illərində qaçqınlar və müharibə əlilləri ilə bağlı verilişlər hazırlayıb. Sonradan siyasətə keçərək 2009–2011-ci illərdə Xorvatiyanın baş naziri olub.
Boris Conson – Böyük Britaniyanın sabiq baş naziri

Boris Conson siyasətə gəlməzdən əvvəl peşəkar jurnalist olub. O, The Times və The Daily Telegraph qəzetlərində işləyib, daha sonra The Spectator jurnalının baş redaktoru olub. 2019–2022-ci illərdə Böyük Britaniyanın baş naziri vəzifəsini icra edib.
Con Körtin – Avstraliyanın 14-cü baş naziri

Con Körtin gənclik illərində jurnalistlik edib, daha sonra Westralian Worker qəzetinin redaktoru olub. O, həmçinin Avstraliya Jurnalistlər Birliyinin Qərbi Avstraliya şöbəsinə rəhbərlik edib. 1941–1945-ci illərdə Avstraliyanın baş naziri olub.
Altan Öymen (Türkiyə)

Altan Öymen uzun illər Ulus, Akşam, Cumhuriyet və Milliyet qəzetlərində jurnalist və baş redaktor kimi çalışıb. Daha sonra siyasətə qoşulub, Türkiyənin turizm naziri, deputat və 1999–2000-ci illərdə Cümhuriyyət Xalq Partiyasının sədri olub. O, Türkiyədə jurnalistikadan siyasətə keçmiş ən tanınmış simalardan hesab edilir.
Valentin Yumaşev – Rusiya

Valentin Yumaşev əmək fəaliyyətinə jurnalist kimi başlayıb. O, “Komsomolskaya Pravda” qəzetində və “Ogonyok” jurnalında çalışıb, 1995–1996-cı illərdə isə “Ogonyok” jurnalının baş redaktoru olub. Sonradan Rusiya Prezidenti Boris Yeltsinin mətbuat üzrə müşaviri, daha sonra Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yüksəlib. Yumaşev eyni zamanda keçmiş Rusiya Prezidenti Boris Yeltsinin kürəkənidir. O, 2001-ci ildə Yeltsinin qızı Tatyana Yumaşeva ilə ailə qurub.
Şəbnəm Rəhimova












