Azərbaycan mətbuatı 151 yaşında: Tarixdən gələcəyə

Hər bir xalqın mədəni kimliyinin, siyasi oyanışının və ictimai inkişafının göstəricilərindən biri də onun mətbuat tarixidir. Bu gün Azərbaycan milli mətbuatı 151 yaşını tamamlayır ki, bu da sadəcə bir rəqəm deyil.

Bu tarix xalqımızın fikir tarixinin, milli oyanışının və mənəvi dirçəlişinin işıqlı zirvəsidir. Milli mətbuatımız 151 il ərzində zamanın çətin sınaqlarından keçdi. İnqilablar, müharibələr, işğallar, azadlıq uğrunda mücadilələr bu söz meydanını daha da möhkəmləndirdi. Amma bu yol heç də həmişə hamar olmadı. Zaman oldu ki, həqiqət boğuldu və söz “zəncirləndi”. Lakin xalqın ruhuna hopmuş mətbuat işığı heç zaman sönmədi. Çünki bu işığın arxasında bir amal dayanırdı – xalq üçün, millət üçün, vətən üçün yazmaq! Bu amalı yüksəklərə qaldıran şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyev oldu.

Ulu öndər mətbuatı cəmiyyətin güzgüsü, dövlətin dayağı hesab edir, onun azad və məsuliyyətli şəkildə fəaliyyət göstərməsini daim dəstəkləyirdi. 1998-ci ildə mətbuat tariximizdə dönüş nöqtəsi yaşandı, Heydər Əliyevin təşəbbüsü ilə senzura ləğv olundu. Bu qərar azad sözün zəncirlərdən qurtulduğu, milli jurnalistikanın həqiqi nəfəs aldığı tarixi andır. Həmin gündən sonra mətbuat öz sözünü daha cəsarətlə dedi, daha açıq yazdı, daha sərbəst düşündü. Bu gün isə bu müqəddəs ənənə Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Dövlət başçısının rəhbərliyi ilə mətbuatın müasirləşdirilməsi, informasiya təhlükəsizliyi, peşəkarlığın artırılması və jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Media sahəsində islahatlar, Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” qanunun qəbulu və jurnalistlərin dövlət səviyyəsində təltif edilməsi bu sahəyə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycan mətbuatı bu gün yeni çağırışlarla üz-üzədir: informasiya müharibəsi, rəqəmsal mediada dezinformasiyalara qarşı mübarizə, vətənpərvər düşüncənin təbliği və dövlətçiliyin müdafiəsi.

Bu çətin və məsuliyyətli yolda milli mətbuat yenə də xalqın səsinə, dövlətin sözçüsünə, vətənin vicdanına çevrilməkdədir. 151 illik milli mətbuatımız təkcə tarix deyil, həm də bir ruh, bir yol, bir amal və bir həqiqətdir. Bu yolun işığını yandıran Həsən bəy Zərdabi, onu qoruyan Ümummilli Lider Heydər Əliyev, bu günümüzü onunla yaradan və sabaha daşıyan isə Prezident İlham Əliyevdir. Və bu nur heç zaman sönməyəcək! Mətbuat sahəsində çalışan bütün həmkarlarımı 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edir, peşəkar fəaliyyətlərində bol nailiyyətlər arzulayıram.

 

Azər Allahverənov

Milli Məclisin deputatı

Gununsesi.info