Politoloq Turan Rzayev Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özəlin yeni siyasi partiya yaratmaq qərarını şərh edib.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, CHP tarixində daxili fikir ayrılıqları, siyasi xətt mübarizələri və partiyadan ayrılmalar yeni hadisə deyil.
Politoloq qeyd edib ki, partiya uzun illər Türkiyənin əsas siyasi aktorlarından biri olsa da, cəmiyyətin dəyişən tələbləri, ideoloji istiqamətlər və liderlik məsələləri zaman-zaman CHP daxilində ciddi müzakirələrə səbəb olub.
Turan Rzayev onu da xatırladıb ki, CHP ilk böyük daxili sınaqlarını 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərində, Türkiyənin çoxpartiyalı siyasi sistemə keçidi dövründə yaşayıb.
Onun sözlərinə görə, 1960-cı illərdə isə partiyada klassik dövlətçi xətti müdafiə edənlərlə daha sosial yönümlü siyasəti dəstəkləyən qruplar arasında fikir ayrılıqları dərinləşib və bu proses “ortanın solu” ideyasının formalaşmasına gətirib çıxarıb.
Politoloq bildirib ki, Bülent Ecevitin rəhbərliyi dövründə CHP sosial-demokrat xəttə yaxınlaşdırılsa da, bu dəyişiklik partiya daxilində hamı tərəfindən qəbul edilməyib və nəticədə bir sıra tanınmış siyasətçilər partiyadan ayrılıb.
Rzayev həmçinin qeyd edib ki, 1980-ci il hərbi çevrilişindən sonra CHP-nin fəaliyyəti dayandırılsa da, partiyanın siyasi xətti Xalq Partiyası, SODEP və daha sonra SHP vasitəsilə davam etdirilib. 1992-ci ildə CHP-nin yenidən fəaliyyətə başlamasından sonra da liderlik və siyasi xətt məsələləri ətrafında müzakirələrin davam etdiyini vurğulayıb.
Politoloqun fikrincə, Özgür Özəlin yeni siyasi partiya yaratması əvvəlki parçalanmalardan müəyyən mənada fərqlənir.
“CHP daxilindəki böhran və Özgür Özəlin yeni partiya yaratması ən çox hakim Ədalət və İnkişaf Partiyasının (AKP) işinə yarayır. Uzun illərdir alternativi olmadığını deyən hakimiyyət bu parçalanmadan seçki kampaniyalarında geniş şəkildə istifadə edəcək”, – deyə o bildirib.
Turan Rzayev hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daxili siyasi prosesləri yaxşı bilən və bu cür vəziyyətləri öz xeyrinə yönləndirməyi bacaran təcrübəli siyasətçidir. Onun sözlərinə görə, Özgür Özəl müxalifət üçün yeni nəfəs sayılsa da, bu potensialın zəiflədilməsinin ən effektiv yolu müxalifətin parçalanmasıdır.
Politoloq əlavə edib ki, Özgür Özəlin qarşısında çətin siyasi proses dayanır. O bildirib ki, yeni yaradılacaq partiyanın Türkiyənin əsas müxalifət qüvvəsinə çevrilməsi üçün CHP-nin 135 deputatından ən azı 68-nin bu partiyaya qoşulması tələb olunur. Siyasi kulislərdə isə təxminən 80 deputatın yeni siyasi təşkilata keçə biləcəyi ilə bağlı iddiaların səsləndirildiyini xatırladan
Siyasi şərhçi son olaraq vurğulayıb ki, Türkiyədə mühafizəkarlığın gücləndiyi bir dövrdə parçalanmış CHP və Özgür Özəlin rəhbərlik edəcəyi yeni partiyanın nə dərəcədə effektiv olacağı hələlik açıq sual olaraq qalır.
Elmar











